...

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistandan olan qadın təşkilatlarının fəaliyyətindən istifadə etməlidir - Fondun baş katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2010 12:06 (UTC +04:00)
ATƏT-in Minsk qrupunda iştirak edən diplomatlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistandan olan qadın təşkilatlarının fəaliyyətindən də istifadə etməlidirlər
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistandan olan qadın təşkilatlarının fəaliyyətindən istifadə etməlidir - Fondun baş katibi

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ölkədə və regionda baş verən münaqişələrin həlli ilə bağlı qadınların hüququndan istifadə edilməlidir, - Trend-in məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə "Kvinna Till Kvinna" Fondunun baş katibi Lena Ag bildirib.

"Ölkədə və regionda baş verən münaqişələr təkcə kişilərə deyil, həm də qadınlara təsir edir. Ona görə də bu məsələdə qərar qəbul etmədə söz demək hüququ olmalıdır. ATƏT Minsk qrupunda iştirak edən diplomatlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistandan olan qadın təşkilatlarının fəaliyyətindən də istifadə etməlidirlər", - Ag bildirib.

Bakıda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi - nailiyyətlər, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda "Kvinna Till Kvinna" Fondunun baş katibi də iştirak edir.

1325 saylı qətnamə - 2000-ci il oktyabrın 31-də qəbul edilib. Qətnamə qadın, sülh və təhlükəsizlik probleminə aiddir. O, sülhün, təhlükəsizliyin qorunub-saxlanılmasında qadınların qərar qəbuletmə prosesində bərabərhüquqlu iştirakını tələb edir.

Agın sözlərinə görə, əslində, qadınlar çox vaxt siyasi liderlərin görəcəyi işləri görürlər. Buna görə də qadınların bu məsələdə səsləri eşidilməli və fikirləri nəzərə alınmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti