...

Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səyləri fəallaşdırmalıdır – Böyük Britaniyanın dövlət naziri (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2010 16:41 (UTC +04:00)
Avropa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səyləri fəallaşdırmalıdır. Bu fikirləri Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton söyləyib.
Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səyləri fəallaşdırmalıdır – Böyük Britaniyanın dövlət naziri (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlavəsi: Fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Avropa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səyləri fəallaşdırmalıdır. Bu fikirləri Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton söyləyib.

"Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqında ciddi narahatlıq doğurur. Biz bu münaqişənin həlli prosesini dəstəkləmək üçün birgə səyləri fəallaşdıra bilərik", - Lidinqton çərşənbə günü Azərbaycan Dillər Universitetində Azərbaycanın Avropadakı rolu mövzusunda çıxışı zamanı deyib.

"Böyük Britaniya və onun Aİ-dəki tərəfdaşları Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsini həll etməyə kömək etməkdə maraqlıdırlar", - o qeyd edib.

Onun sözlərinə görə, Avropa üçün son zamanlar qoşunların təmas xəttində baş verən silahlı insidentlər də narahatlıq doğurur.

"Böyük Britaniya ATƏT-in Minsk qrupunun münaqişə tərəflərinə münaqişənin dinc və sabit həllində göstərdiyi köməklə bağlı səyləri hələ də dəstəkləyir və biz bu səyləri bundan sonra da dəstəkləməkdə davam edəcəyik", - Lidinqton bildirib.

Dövlət nazirinin sözlərinə görə, Aİ Azərbaycan və Ermənistana artıq yekun nəticəyə nail olunduqdan sonra (münaqişənin həlli) daha çox şeyi, xüsusən, köməyin nədən ibarət olduğunu dəqiq müəyyənləşdirməyi təklif edə bilər.

"Mənim Bakıya səfərimdə məqsəd Böyük Britaniya və Avropa İttifaqının hansı istiqamətlərdə effektiv kömək edə biləcəklərini qiymətləndirməkdir", - Lidinqton vurğulayıb.

Onun sözlərinə görə, ümumi təhlükəsizlik Böyük Britaniyanın Azərbaycanla sıx əməkdaşlığa səy göstərməsinin səbəblərindən biridir. "Böyük Britaniya Azərbaycanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya seçimini dəstəkləyir, çünki Aİ-nin qonşu ölkələrində baş verənlər Avropa İttifaqına bilavasitə təsir göstərir", - o qeyd edib.

"Bu ölkələrdə sabit, təhlükəsiz, demokratik cəmiyyətlərin inkişafı Aİ-nin özünü də möhkəmləndirməyə kömək edir", - Lidinqton deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti