...

Astanada ATƏT-in sammitində Dağlıq Qarabağ üzrə çərçivə sazişinin imzalanması gözlənilmir – Azərbaycan XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2010 12:46 (UTC +04:00)
Astanada ATƏT-in sammitində Dağlıq Qarabağ üzrə çərçivə sazişinin imzalanması gözlənilmir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda “Cənubi Qafqaz dəyişən dünyada” adlı beynəlxalq münasibətlər üzrə simpoziumun açılışında çıxış edərək deyib.
Astanada ATƏT-in sammitində Dağlıq Qarabağ üzrə çərçivə sazişinin imzalanması gözlənilmir – Azərbaycan XİN rəhbəri

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Astanada ATƏT-in sammitində Dağlıq Qarabağ üzrə çərçivə sazişinin imzalanması gözlənilmir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda "Cənubi Qafqaz dəyişən dünyada" adlı beynəlxalq münasibətlər üzrə simpoziumun açılışında çıxış edərək deyib.

"Hazırda bu cür sənədin hazırlanması üzərində işləmirik", - o deyib.

"Bu gün gündəmdə Astanada münaqişənin nizamlanması üzrə keçiriləcək danışıqlar formatının müəyyən olunması məsələsidir", - nazir deyib.

Məmmədyarovun sözlərinə görə, yaxın günlərdə Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər və tərəflərə ATƏT-in qiymətləndirmə missiyasının işi haqqında hesabat verəcəklər.

"2005-ci ildə regionda təşkil olunan birinci missiya ilə müqayisədə, bu dəfə vasitəçilər və missiya üzvləri yeddi işğal olunmuş əraziyə baş çəkiblər. Biz missiyanın işi haqqında rəy vermək üçün qiymətləndirmə missiyasının hesabatını gözləyirik", - o deyib.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası ölkənin işğal olunmuş ərazilərində vəziyyəti öyrənir. MQ həmsədrləri sonuncu səfərləri zamanı bu ərazilərə gələrək vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal olunmuş torpaqlarda vəziyyət haqqında hesabat hazırlayacaqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Cənubi Qafqaz dəyişən dünyada" mövzusu üzrə illik simpozium oktyabrın 22-23-də Bakıda keçirilir. Onun keçirilməsində əsas məqsəd regional əlaqələr və əməkdaşlığın yaxşılaşdırılması, regional siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlərlə maraqlanan professorlar arasında əlaqələrin möhkəmləndirilməsidir.

Simpoziumda 150-dən çox xarici və yerli ekspert iştirak edir.

Müzakirə mövzuları: "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizlik problemləri - münaqişələr və münaqişədən sonrakı inkişaf", "Cənubi Qafqazda yaranan iqtisadi tendensiyalar - informasiya texnologiyaları və energetika sahəsində inkişaf", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçki".

İkigünlük müzakirələrin yekunlarına dair saydığımız mövzular üzrə tədqiqat materiallarının təqdim ediləcəyi kitab dərc olunacaq. Nəşrlər bütün dünya üzrə elm və beyin mərkəzlərində yayılacaq.

Xəbər lenti

Xəbər lenti