...

Tehranda keçirilən beynəlxalq sərgidə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qalmaqal baş verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2010 02:30 (UTC +04:00)
İranın paytaxtı Tehranda keçirilən on yeddinci beynəlxalq mətbuat və informasiya agentliklərinin festival sərgisində Ermənistandan olan nümayəndələrin bu ölkəyə aid guşədə tanıtım nişanı olaraq "Artsax"ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin, "Dağlıq Qarabağ Respublikası"nın bayrağının şəkillərinin və xəritəsinin vurduqlarına görə Azərbaycan və Ermənistan mətbuat nümayəndələri arasında qalmaqal baş verib.
Tehranda keçirilən beynəlxalq sərgidə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qalmaqal baş verib

İran, Tehran, 26 oktyabr /Trend, xüsusi müxbir T.Cəfərov / 

İranın paytaxtı Tehranda keçirilən on yeddinci beynəlxalq mətbuat və informasiya agentliklərinin festival sərgisində Ermənistandan olan nümayəndələrin bu ölkəyə aid guşədə tanıtım nişanı olaraq "Artsax"ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin, "Dağlıq Qarabağ Respublikası"nın bayrağının şəkillərinin və xəritəsinin vurduqlarına görə Azərbaycan və Ermənistan mətbuat nümayəndələri arasında qalmaqal baş verib.  

Azərbaycan nümayəndə heyəti əvvəlcə erməni jurnalistlərdən bu özbaşınalığa son qoymağı tələb edib. Qarşı tərəf tələbi yerinə yetirməkdən imtina etdiyi üçün bu barədə sərginin təşkilatçılarına məlumat verilib. Bu zaman erməni jurnalistlər bildiriblər ki, "Artsax"ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin şəklini stendə tədbirin təşkilatçıları vurub: "Ona görə biz də düşündük ki, burada Dağlıq Qarabağın xəritəsinin və bayrağının şəklini nümayiş etdirə bilərik".  

Buna cavab olaraq təşkilatçılar sözügedən şəklin onlara tədbirə hazırlıq prosesi çərçivəsində Ermənistan tərəfindən təqdim olunduğunu bəyan ediblər və dərhal qalmaqala səbəb olan şəkillərin yığışdırılmasına göstəriş veriblər. 

Təşkilatçılar Azərbaycan nümayəndə heyətindən üzr istəyib və belə bir anlaşılmazlığın gələcəkdə baş verməyəcəyinə söz veriblər. 

Mübahisə zamanı azərbaycanlı jurnalistlərdən biri "Dağlıq Qarabağın xəritəsi"ni Ermənistanın guşəsindən endirib. 

Tehrandakı KİV-lərin festival və sərgisi 55 ölkədən olan 175 KİV və 250 qonağın iştirakı ilə oktyabrın 25-də başlayıb və 10 gün davam edəcək. Festivalda Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi də iştirak edir.

Xəbər lenti

Xəbər lenti