Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Qasımova/
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər səy göstərmir. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov belə hesab edir.
"Bizi ABŞ-ın Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesində irəliləyişə nail olmağa sövq etmək üçün lazımi səy göstərməməsi narahat edir. Biz hesab edirik ki, ABŞ Ermənistana təzyiq göstərərək münaqişənin həlli yolunu tapmağa kömək edə bilər və bundan artığını etməlidir", - Süleymanov "Arizona Daily Wildcat"a müsahibəsində bildirib.
Azərbaycan-Amerika əməkdaşlığına toxunaraq baş konsul iki ölkənin münasibətlərinin strateji xarakterini qeyd edib.
"Qoşunlarımız Əfqanıstandadır və biz amerikalılarla birlikdə İraqda vuruşmuşuq. Azərbaycan ABŞ-a 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra yardım əlini uzadan ilk dövlətlərdən olub", - Süleymanov vurğulayıb.
Baş konsulun sözlərinə görə, iki ölkənin yaxşı münasibətləri olmasına baxmayaraq, əldə olunanla kifayətlənmək lazım deyil. Əlaqələrin daha da möhkəmləndirilməsi üçün işləmək lazımdır", - o, qeyd edib.
"Bir ildən çoxdur ki, Azərbaycanda ABŞ-ın səfiri yoxdur və belə vəziyyəti sağlam adlandırmaq olmaz", - Süleymanov əlavə edib.
Amerikanın Azərbaycandakı səfirliyinin rəhbəri vəzifəsi keçən ilin iyulunda keçmiş səfir Enn Dörsinin səlahiyyət müddəti başa çatdıqdan sonra vakantdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.