...

Azərbaycan Parlamenti ATƏT-i öz öhdəliklərinə əməl etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2011 12:17 (UTC +04:00)
Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-i öz öhdəliklərinə əməl etməyə çağırıb.
Azərbaycan Parlamenti ATƏT-i öz öhdəliklərinə əməl etməyə çağırıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-i öz öhdəliklərinə əməl etməyə çağırıb.

"ATƏT və onun strukturları öz öhdəliklərinə əməl etməlidir. Onların öhdəliklərindən biri də Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyasının hesabatını vaxtında açıqlamasıdır", - Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin sədrinin müavini Bahar Muradova bildirib.

Muradova deyib ki, məlum olduğu kimi, faktaraşdırıcı missiyanın bölgəyə səfəri məsələsi BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı sənədin müzakirəsi ərəfəsində ortaya çıxmışdı.

"Bu missiya ilə bağlı təklif veriləndən sonra Azərbaycan tərəfi həmin sənədin BMT-də müzakirəsini təxirə saldı. Hesab edirəm ki, hesabatın açıqlanmaması BMT-nin də bu yöndəki işinə mane olur. Əgər hesabat açıqlanarsa, işğal olunmuş ərazilərə dair məlumatlar daha dolğun olar. Bu, istər danışıqlar, istərsə də beynəlxalq təşkilatlarda müzakirələr zamanı istinad üçün mühüm bir sənədə çevrilə bilər", - vitse-spiker vurğulayıb.

Muradova hesab edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyası öz işini çoxdan yekunlaşdırıb.

"Missiya monitorinqin nəticələri ilə bağlı hesabatını hələ ötən il açıqlamalı idi. Təəssüf ki, hələ də bunu etməyib və səbəbi barədə heç bir məlumat verilmir", - millət vəkili deyib.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki vəziyyət ölkəmizin ictimaiyyətinə məlumdur.

"Amma missiyanın hesabatı Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, həmin hesabatdakı faktlar Ermənistanın işğalçılıq mahiyyətini və işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquqazidd addımların atılmasını bir daha dünya ictimaiyyətinə çatdıracaq", - vitse-spiker bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti