...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərində heç bir iyerarxiya yoxdur - Fransa XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 15:57 (UTC +04:00)
Elçin Əmirbəyovun bu ölkənin xarici işlər naziri Alen Jüppenin ölkə parlamentində "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" sözləri ilə bağlı yazılı etiraz məktubuna cavab olaraq Fransa XİN rəsmi mövqeyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərində heç bir iyerarxiya yoxdur - Fransa XİN rəhbəri

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva /

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkənin xarici işlər naziri Alen Jüppenin ölkə parlamentində "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" sözləri ilə bağlı yazılı etiraz məktubuna cavab olaraq Fransa XİN rəsmi mövqeyini bildirib. Bu barədə Elçin Əmirbəyov cümə günü Trend-ə bildirib.

"Fransa XİN Kontinental Avropa Departamentinin rəisi səfərdə olan nazir Alen Jüppenin ölkənin Xarici İşlər Nazirliyinin rəsmi mövqeyində dəyişikliyin baş vermədiyi barədə sözlərini çatdırıb", - Əmirbəyov deyib.

"Səfirin məktubunun mətni ölkənin xarici işlər nazirinin diqqətinə çatdırılıb və o, bir daha bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsasında duran prinsiplərində heç bir iyerarxiya yoxdur", - XİN nümayəndəsi qeyd edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov cümə axşamı Fransa XİN rəhbəri Alen Jüppenin ölkə parlamentində "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" deməsi ilə bağlı etiraz məktubu göndərib.

Məktubda azərbaycanlı səfir Fransa XİN rəhbərinin dedikləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını ifadə edib və ondan izahat tələb edib.

Səfirliyin reaksiyasından sonra Fransa XİN cümə axşamı günün ikinci yarısında bəyanatla çıxış edib.

Fransa XİN-in Trend agentliyinə daxil olan bəyanatında deyilir ki, ATƏT-in Minsk qrupu həmsədr-ölkəsi kimi Fransa XİN-in rəsmi mövqeyi Helsinki Yekun Aktının prinsiplərinin və Rusiya Federasiyası, ABŞ və Fransa prezidentlərinin "Səkkizlik qrupu"nun sammitində İtaliyanın Akvil və Kanadanın Muskok şəhərlərində verdikləri bəyanatın müddəlarının tam dəstəklənməsindən ibarətdir.

"Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa prezidentlərinin irəliyə mühüm addım kimi hər iki tərəfin daimi nizamlamanın Helsinki Yekun Aktının prinsiplərinə və bizim 2009-cu il iyulun 10-da Akvildə "Səkkizlik qrupu"nun sammitində verdiyimiz bəyanatın müddəlarına əsaslanması faktını qəbul etmələri olub", - prezidentlərin bəyanatında deyilir.

Onların arasında: Dağlıq Qarabağ ətrafında ərazilərin qaytarılması; Dağlıq Qarabağ üçün təhlükəsizlik və özünüidarəetməyə zəmanət verən aralıq status; Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz; Dağlıq Qarabağın gələcək son hüquqi statusunun əhalinin öz iradəsini bildirməsi üçün hüquqi qüvvəyə malik yolla müəyyənləşdirilməsi; daxildə yerləri dəyişən şəxslərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtması hüququ; sülhməramlı əməliyyat daxil olmaqla, beynəlxalq təhlükəsizlik zəmanəti.

Fransa XİN agentliyə daxil olan rəsmi bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin martın 9-da verdikləri bəyanata dəstəyini də bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri martın 5-də Soçidə yüksək səviyyəli görüşdən əvvəl və sonra təmas xəttində atəşkəs rejiminin pozulması haqqında məlumatlardan dərin narahatdırlar. Belə ağlasığmaz aktlar təsdiq edilərsə, bu, tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə səy göstərmək barədə öhdəlikləri ilə ziddiyyət təşkil edəcək", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti