...

İki erməni əsgər aralarında baş verən atışma nəticəsində ölüb - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2011 12:46 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində erməni əsgərinin öldürülməsi barədə Ermənistan tərəfin yaydığı məlumatı təkzib edir.
İki erməni əsgər aralarında baş verən atışma nəticəsində ölüb - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində erməni əsgərinin öldürülməsi barədə Ermənistan tərəfin yaydığı məlumatı təkzib edir.

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Trend-ə bildirib ki, Əsgəran rayonu ərazisində yerləşən, Ermənistan silahlı qüvvələrinə aid hərbi hissədə martın 17-də əsgərlər arasında günorta saatlarında başlanan mübahisə atışma həddinə çatıb və nəticədə iki erməni əsgər aldığı güllə yarasından yerindəcə keçinib. Bir nəfər isə ağır vəziyyətdə səhra hospitalına yerləşdirilib. Onun hələ də koma vəziyyətində olduğu barədə məlumatlar var.

"Onlar 9 yaşlı azərbaycanlı uşağı qətlə yetirdiklərini gündəmdən çıxarmaq üçün belə əsassız xəbərləri ortaya atırlar. Bununla Ermənistan beynəlxalq ictimai rəydə formalaşan uşaq qatili obrazını pərdələməyə çalışır. Onların göstərdiyi istiqamətdə ümumiyyətlə, atəşkəs rejimi pozulmayıb", - Sabiroğlu deyib.

Təmas xəttində atəşkəs rejiminin pozulması məsələsinə münasibət bildirən Sabiroğlu qeyd edib ki, Azərbaycan atəşkəsə riayət olunmasına maksimum dərəcədə çalışır.

"Ancaq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs pozulduğu halda Azərbaycan cavab verməyə məcbur olur", - nazirlik sözçüsü deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti