...

Ermənistanın Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirakdan imtinası onun siyasətinin iç üzünü açır - Səməd Seyidov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2011 16:07 (UTC +04:00)
Ermənistanın AŞ PA Bürosunun qərarına məhəl qoymaması və Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirakdan imtina etməsi onun siyasətinin iç üzünü açır.
Ermənistanın Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirakdan imtinası onun siyasətinin iç üzünü açır - Səməd Seyidov

Fransa, Strasburq, 13 aprel /Trend, müxbir A.Məhərrəmli/

Ermənistanın AŞ PA Bürosunun qərarına məhəl qoymaması və Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirakdan imtina etməsi onun siyasətinin iç üzünü açır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, hər bir sessiya Azərbaycan üçün vacib və əhəmiyyətli bir sessiya kimi qiymətləndirilməlidir.

"Bizim üçün ən vacib, ən əsas məsələlərdən biri Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti ilə bağlı olan inkişafdır. Və tam səmimi deyə bilərəm ki, Ermənistan tərəfi bir daha öz mövqeyini bu komitənin fəaliyyətində göstərdi. Biz bu komitənin işində iştirak etməklə bağlı öz müsbət münasibətimizi bildirmişik və hər bir komitənin təşəbbüsündə iştirak etməyə hazırıq. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi AŞ PA Bürosunun qərarına məhəl qoymur və ümumiyyətlə, bu komitənin işində iştirak etməkdən imtina edir. AŞ PA Bürosunun qərarına məhəl qoymamaq, AŞ-nin qəbul etdiyi məsələləri tamamilə inkar etmək Ermənistanın siyasətinin iç üzünü açır. Belə bir qərarın icra olunmaması, o cümlədən 2005-ci ildə Dağlıq Qarabağla bağlı qəbul olunmuş qərarın indiyədək icra olunmaması, üzv olan ölkədə - Ermənistanda bu proseslərin nəzərə alınmaması Ermənistanla yanaşı AŞ-nin səlahiyyətini, gücünü, təsir imkanlarını azaldır. Biz dəfələrlə demişik ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini biz heç vaxt Dağlıq Qarabağ üzrə komitə çərçivəsində məhdudlaşdırmayacağıq. Biz o qədər də maraqlı deyildik ki, Dağlıq Qarabağ məsələsini bir komitənin fəaliyyətində məhdudlaşdıraq. Ancaq konstruktiv mövqe, AŞ qətnamələrini yerinə yetirmək istiqamətində davranış göstərmək və Ermənistan nümayəndə heyətinin həmin komitəyə dəvət olunaraq fəaliyyətinin nə dərəcədə "konstruktiv" olduğunu göstərmək üçün bu addımı atdıq. İndi görürük ki, biz haqlıyıq. Ermənistan təəssüflər olsun ki, həm AŞ-də, həm digər beynəlxalq təşkilatlarda, həm də ikitərəfli danışıqlarda qeyri-konstruktiv mövqe və davranış qaydalarını seçir. Buna görə də beynəlxalq ictimaiyyət və qurumlar bilməlidirlər ki, Ermənistanın bu cür davranışlarını dəstəkləməklə onlar öz təsir gücünü azaltmaq istiqamətində fəaliyyət göstərirlər. Biz bunu çox gözəl bilirik və Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini bu istiqamətdə davam etdirəcək", - Seyidov deyib.

Seyidov bildirib ki, Azərbaycan AŞ ilə münasibətlərdə ilk növbədə öz maraqlarını müdafiə etmək istiqamətində fəaliyyət göstərir.

"Biz Avropa Şurasına AŞ üçün gəlməmişik. Biz AŞ-yə demokratiya, insan haqları, qanunun aliliyi üçün gəlmişik. Və harada həmin məsələlərdən Azərbaycan maraqlarına hansısa bir təsir vasitəsi kimi istifadə olunmasını görəcəyiksə, öz münasibətimizi açıq-aşkar bildirəcəyik. Ona görə də bu nöqteyi-nəzərdən sessiyanın işini, qaldırılan məsələləri çox vacib və müsbət qiymətləndirməliyik. Məsələn, Gürcüstanla bağlı bu gün müzakirə olunan məsələdə ona dəstək veririk. Burada cəhdlər göstəriləcək ki, Gürcüstanla bağlı məruzədən "işğal" sözü çıxarılsın. Azərbaycan nümayəndə heyəti bunun tam əleyhinədir. Azərbaycan öz mövqeyini açıq şəkildə Gürcüstanla, Ermənistanla və digər ölkələrlə münasibətdə göstərir. Umumiyyətlə, bizim AŞ-də mövqeyimiz açıq siyasət aparmaq və Azərbaycanın maraqlarını qoruyub saxlamaqdır", - millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti