...

Rusiyanın xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2011 15:28 (UTC +04:00)
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyulun 11-də Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Rusiyanın xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyulun 11-də əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Trend-in məlumatına görə, bu barədə XİN-in məlumatında deyilir.

Məsləhətləşmələr zamanı iyunun 24-də Kazanda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin, eləcə də Rusiya, ABŞ və Fransanın danışıqlar prosesində vasitəçi kimi qəbul edəcəkləri sonrakı rəylər nəzərə alınmaqla, Minsk qrupunun həmsədri olan ölkələrin işinin gələcəkdə əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti