...

Rəsmi Brüssel Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamalıdır - Miroslav Layçak

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2011 11:57 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolunu artırmaq niyyətindədir, lakin ATƏT-in Minsk qrupunun hesabına deyil.
Rəsmi Brüssel Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamalıdır - Miroslav Layçak

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolunu artırmaq niyyətindədir, lakin ATƏT-in Minsk qrupunun hesabına deyil. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin "Şərq tərəfdaşlığı" məsələləri üzrə icraçı direktoru Miroslav Layçak "Azadlıq radiosunun" Ermənistan xidmətinə müsahibəsində bildirib.

"Aİ münaqişənin siyasi nizamlanmasının axtarışı üzrə Minsk qrupunu və onun səylərini dəstəkləyir. Lakin hazırda Aİ-nin üzv ölkələrində əminlik artır ki, rəsmi Brüssel də fəal və nəzərəçarpacaq siyasi rol oynamalıdır", - o deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Aİ-nin bizimlə qonşuluqda olan nizamlamada birbaşa iştirak etmədiyi yeganə məsələdir.

"Biz Şərq qonşularımızla münasibətlər qura və bu məsələ mövcud deyilmiş kimi görüntü yarada bilmərik", - Layçak deyib.

Onun sözlərinə görə, hazırda Aİ ATƏT-in Minsk qrupu ilə Brüsselin nizamlama istiqamətində nə vaxt və necə hansı konkret addımlar ata bilməsi barədə danışıqlar aparır. "Lakin bu sualın cavabı Minsk qrupu ilə müzakirələrdən deyil, danışıqlardan asılıdır", - avropalı diplomat qeyd edib.

Layçak bildirib ki, hazırda masa üzərində bir çoxlarının, o cümlədən Aİ-nin fəaliyyəti üçün yeni meydan açan siyası nizamlama var.

Onun sözlərinə görə, Brüssel çox şey, məsələn, tərəfləri yaxınlaşdıra, cəmiyyətlər arasında dialoqu stimullaşdıra, Avropa standartlarını əlavə edə bilər.

"Lakin bu addımlar danışıqlar prosesinin dinamikasından asılıdır: əgər irəliləyiş olarsa, Aİ üçün daha böyük meydan açılacaq, əgər irəliləyiş olmazsa, Avropa ailəsinin nəsə etmək üçün imkanları az olacaq", - Layçak deyib.

Onun sözlərinə görə, Aİ-nin bu münaqişənin nizamlanmasına marağının ən parlaq sübutlarından biri çox tezliklə xarici siyasət üzrə ali komissar Ketrin Eştonun Aİ-nin Cənubi Qafqaz üzrə yeni nümayəndəsini təyin etməsi faktı olacaq.

"Bu təyinat Aİ-nin Cənubi Qafqaz üzrə mövqeyini, marağını və siyasətini reallaşdırmağa imkan verən tədbir olacaq", - avropalı diplomat bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti