...

Azərbaycan XİN rəhbəri Bakının Rusiya Prezidentinin Dağlıq Qarabağa dair təklifinə cavabını təqdim edib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2011 14:10 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı rəsmi Bakının Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağa dair təklifinə cavabını təqdim edib.
Azərbaycan XİN rəhbəri Bakının Rusiya Prezidentinin Dağlıq Qarabağa dair təklifinə cavabını təqdim edib (ƏLAVƏ OLUNUB)

Altıncı abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:47-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı rəsmi Bakının Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağa dair təklifinə cavabını təqdim edib. Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Məlumatı "Rossiya 24" telekanalı yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana RF Prezidenti Dmitri Medvedevin təklif və məktubunu təqdim edib.

"Rusiya ATƏT çərçivəsində ABŞ və Fransa ilə birgə münaqişə tərəflərinə problemin həllinin axtarışında kömək edir", - Lavrov azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Azərbaycanın xarici işlər naziri hesab edir ki, danışıqlar prosesində heç də hər şey Azərbaycandan asılı deyil.

"Biz həmin təkliflərə Ermənistanın cavabını gözləməliyik, lakin hesab edirik ki, danışıqlarda irəliləyiş var, biz tədricən hamının hazırkı vəziyyətin heç kimi, eləcə də qonşularımızı qane etmədiyini anlayacağı həddə doğru irəliləyirik", - Məmmədyarov deyib.

Məmmədyarovun sözlərinə görə, region üçün, ilk növbədə, həm Azərbaycan, həm də Ermənistan üçün sabitlik vacibdir.

Azərbaycanın XİN rəhbəri deyib ki, Kazan görüşü irəliyə doğru addım olub, müzakirələrin konkret problemlər üzrə aparıldığı nəzərə alınarsa, bəzi problemlər üzrə irəliləyiş hiss olunur.

"Ümumilikdə hesab edirik ki, biz bundan sonra da hələ razılaşdırılmayan mövzular üzrə müzakirələri davam etdirməliyik. Biz hüquqi sazişin - sülh müqaviləsinin müzakirəsinə başlamalıyıq. Vaxt çatıb! - o deyib. - Sülh müqaviləsi danışıqların final mərhələsinə daxil olmaq barədə ciddi siqnal olacaq".

Lavrovun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan Prezidentinin Prezident Medvedyevin təklifinə cavabını öyrənəcək.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritetdir. Baza prinsipləri layihəsi tərəflərin sülh sazişi üzərində işləmək niyyətindən başlayır. Bizim səylərimiz hər iki ölkə ilə münasibətlərimiz kontekstində və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində davam edəcək", - Lavrov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti