...

Bakı Türkiyə ilə Ermənistan arasında müntəzəm aviareys açılacağı halda, reaksiya vermək hüququnu özündə saxlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2011 16:24 (UTC +04:00)
Biz iki ölkənin işinə müdaxilə etmirik, lakin Azərbaycanın milli maraqlarına ziyan dəyəcəyi halda, reaksiya vermək hüququnu özümüzdə saxlayırıq.
Bakı Türkiyə ilə Ermənistan arasında müntəzəm aviareys açılacağı halda, reaksiya vermək hüququnu özündə saxlayır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir S.Ağayeva/

Biz iki ölkənin işinə müdaxilə etmirik, lakin Azərbaycanın milli maraqlarına ziyan dəyəcəyi halda, reaksiya vermək hüququnu özümüzdə saxlayırıq. Bunu cümə günü Trend-ə XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev erməni KİV-in Yerevan-Van reysinin açılmasının mümkünlüyü barədə məlumatını şərh edərkən bildirib.

"Azərbaycan XİN hadisələrin gələcək inkişafını izləyir və gələcək ssenaridən asılı olaraq reaksiya verəcək", - Abdullayev deyib.

Vanın Ticarət-Sənaye Palatası Şurasının rəhbəri Abdulla Tuncdəmir bu gün Yerevanda bildirib ki, sentyabrın 11-də ilk Yerevan-Van birbaşa reysi həyata keçirilə bilər.

"Əgər hər şey plana uyğun gedərsə, onda sentyabrın 11-də Yerevanla Van arasında müntəzəm hava nəqliyyatının başlancığını qoyacaq birinci reys baş tutacaq", - o deyib.

Tuncdəmir Vandan Yerevana gələn 30 iş adamından ibarət nümayəndə heyətinə rəhbərlik edir.

"Türkiyə tərəfi Yerevan-Van birbaşa reysini açmağı planlaşdırır, hazırda bunun üçün hazırlıq işləri görülür", - Trend-ə Vandan telefonla Türkiyə Turizm Assosiasiyası administrasiyasından bildiriblər.

"Əvvəlcə çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır. Əgər hər şey plan üzrə getsə, Yerevan-Van birbaşa reysi başlayacaq", - mənbə bildirib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin pozulmasına və sərhədlərin bağlanmasına 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və erməni tərəfinin Türkiyənin Anadolu vilayətinə olan ərazi iddiaları səbəb olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti