...

Medvedev: Ermənistan və Azərbaycan RF və Gürcüstanın "beşgünlük müharibə"sindən nəticə çıxarıblar (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2011 12:43 (UTC +04:00)

Birinci abzasdan sonrakı hissə əlavə olunub (ilk xəbər saat 11:45-də yayılıb)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Rusiyanın 2008-ci ildə Cənubi Osetiyada keçirdiyi Gürcüstanın sülhə məcbur edilməsi üzrə əməliyyat Dağlıq Qarabağ üçün münaqişədə olan Ermənistan və Azərbaycan üçün "ciddi dərs" oldu. Bunu Rusiya Prezidenti Dmitri Medvedev deyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

"Bu ["beşgünlük müharibə"] baş verəndə, hər iki rəhbər - həm Prezident Əliyev [Azərbaycan Prezidenti İlham Əliyev], həm də Prezident Sarkisyan [Ermənistan Prezidenti Serj Sarkisyan] burada, Soçidə olublar. Onlar bilirsiniz mənə nə dedilər? Dedilər: "Bütün bunların baş verməsi əlbəttə ki, pis haldır, Qafqaz üçün bu, ağır şeydir". Mən dedim: "Çox pis". - "Lakin siz bilirsiniz ki, bu, bizim üçün müəyyən dərsdir, Dağlıq Qarabağın taleyi, orada nə vaxtsa referendum keçirilib-keçirilməyəcəyi, sülh müqaviləsini necə hazırlamalı olmağımızla bağlı sonsuz danışıqlar aparmaq, bu beş gün müharibə aparmaqdan yaxşıdır. Bu, onlar üçün çox ciddi dərs olub", - Medvedev "Russia Today", Gürcüstanın "Birinci Qafqaz İnformasiya" telekanallarına və "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Gürcüstan rəhbərləri də Soçidə, Kazanda görüşə bilərdilər, "nə vaxtsa eyni dövlətin bir hissəsi arasında qarşılıqlı münasibətlərdə kompromisi necə axtarmaq barədə hardasa fikriləşirdilər, indi isə Gürcüstan qoparılmış hissəsi barədə fikirləşirlər", - Rusiya Prezidenti qeyd edib.

Onun fikrincə, məlum deyil ki, bu danışqıların hansı perspektivləri ola bilərdi: "bəlkə heç vaxt razılığa gələ bilməzdik, bəlkə də hansısa konfederasiya yaradıla bilərdi".

"O [Gürcüstan Prezidenti] isə öz ölkəsini parçaladı. Odur ki, hesab edirəm ki, məhz bu, insanların yaddaşında qalacaq. Və bu, ən əsasıdır", - Medvedev bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Xəbər lenti

Xəbər lenti