...

Azərbaycanın hakim partiyası: Ermənistan vassal dövlətdir və "ipi" başqalarının əlindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2011 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir T.Hacıyev/

Ermənistan vassal dövlətdir, onun "ipi" başqalarının əlindədir. "İpi" hansı tərəfə çəkirlərsə, o həmin tərəfə yönəlir. Yəni Ermənistan hakimiyyətinə kənardakı hamiləri nə deyirsə, o da baş verəcək. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.

Onun sözlərinə görə, Ermənistanın bərbad vəziyyəti onun psixologiyasına, mənəviyyatına da təsir edib. Millət vəkilinin fikrincə, Dağlıq Qarabağ probleminin həlli üçün işğalçı dövlətə onun hamilərinin güclü təzyiqi olmalıdır.

"Erməni mətbuatında belə fikirlər səslənir ki, Ermənistan Rusiya Prezidenti Dmitri Medvedevin təklifini qəbul etməsin. İndi sual olunur ki, ermənilərin Rusiyanın siyasəti qarşısında dayanmağa gücü varmı? Siz Rusiyanın irəli sürdüyü prinsiplərdən kənarda dura bilərsinizmi? Buna heç cəsarətiniz çatmaz. Ermənilər yalnız bu hay-küyü mətbuatda qaldıra bilərlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın yalnız iqtisadiyyatı yox, mənəviyyatı, psixologiyası, dünyaya baxışı da bərbad vəziyyətdədir", - YAP icra katibinin müavini vurğulayıb.

Ermənistanın daxili vəziyyətinin danışıqlar prosesinə təsirinə gəlincə, Qurbanlı qeyd edib ki, Qarabağ məsələsi erməni siyasətinin barometri rolunu oynayır. Yəni bu ölkədə Qarabağ siyasəti ölüm-dirim məsələsi vəziyyətindədir. Onun fikrincə, bu, erməni psixologiyası ilə bağlıdır. Bu da erməniçiliyin əlamətlərindən biridir.

"Ermənistanda Qarabağ məsələsi ilə bağlı kompromisdən danışanlar bəzi qüvvələr tərəfindən az qala erməni xalqının düşməni elan olunurlar. Ermənistan Azərbaycanın 17,2 min kvadrat kilometrini işğal edib. Bu ərazinin yalnız 4,5 min kvadrat kilometri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxildir. Orada əhalinin sayı da çox olmayıb. İşğal olunmuş digər ərazilərdə isə erməni yaşayış məntəqələri olmayıb. O da məlumdur ki, Qarabağa ermənilər çar Rusiyasının siyasəti nəticəsində köçürülüb", - Qurbanlı qeyd edib.

O, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi barədə də danışıb.

"Danışıqlar prosesində Azərbaycanın mövqeyi belədir ki, işğal olunmuş 7 rayon azad olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər. Ermənilər isə bunu qəbul etmirlər. Bu, erməniliyin ən çirkin formasıdır. Bu insanlar sülhə gedən yolda belə, müəyyən maneələr axtarırlar. Ona görə də, erməni millətçiliyinin təbliğatı o səviyyədə aparılıb ki, hansısa məsələ müzakirə olunub ortaya çıxanda qarşı tərəfdən müqavimət, hay-küy, etirazlar görürük", - Qurbanlı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti