...

Ermənistan danışıqlardakı tərəfdaşlara qarşı informasiya təzyiqinə davam edir - Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2011 20:42 (UTC +04:00)
Ermənistan danışıqlardakı tərəfdaşlara qarşı informasiya təzyiqinə davam edir - Aleksey Vlasov

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan Prezidentinin MDB ölkələrinin Düşənbədə keçirilmiş sammitindəki ifadələri göstərir ki, Ermənistan istənilən meydandan istifadə edərək danışıqlardakı tərəfdaşlara qarşı informasiya təzyiqinə davam edir. Bu barədə Trend-ə "Vestnik-Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru və Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbə sammitində iştirak etməməsini fürsət bilən Ermənistan Prezidenti bəlkə də daha sərt formullardan istifadə etməyi mümkün hesab etdi. Adətən, o bunu təkbətək görüşlərdə və ya Prezident İlham Əliyevlə üçtərəfli formatda keçirilən görüşlərdə edir", - Vlasov deyib.

Ekspertin sözlərinə görə, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin ən azı Mayndorf sazişindən sonra müəyyənləşdirilmiş formada həllinin hazırkı perspektivlərinə şübhə doğurur.

O deyib ki, bütün bunlar münaqişənin həllinə dair mövzu ətrafında çox əsəbi bir vəziyyət yaradır və sülh prosesinə heç bir müsbət hal gətirmir. "Hazırda gərək hamı formulları çox ehtiyatla seçsin, bu, həm siyasətçilərə, həm ekspertlərə, həm də KİV-ə aiddir. Vəziyyətin balanslaşması öz sərhədinə çatıb və əsası odur ki, hazırda bu sərhədi keçmək mümkün deyil", - Vlasov bildirib.

MDB dövlət və hökumət rəhbərlərinin geniş iclasında Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ haqqında ən kəskin şəkildə provakasiya çıxışı edib. Buna cavab olaraq, Azərbaycanın Baş naziri Artur Rasizadə xatırladıb ki, Ermənistan artıq 20 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisini zəbt edib və Ermənistanı işğal etdiyi əraziləri azad etməyə çağıran BMT TŞ-nin dörd qətnaməsini hələ də yerinə yetirmir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti