...

Cənubi Sudanın müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinə heç bir formada təsir etməyəcək - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2011 13:53 (UTC +04:00)
Cənubi Sudanın müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinə heç bir formada təsir etməyəcək.
Cənubi Sudanın müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinə heç bir formada təsir etməyəcək - politoloq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Cənubi Sudanın müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinə heç bir formada təsir etməyəcək. Trend-in məlumatına görə, çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatına münasibət bildirərkən deyib.

"Sudanadək çoxlu qurumların müstəqilliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Ən səs-küylü tanınma Kosovonun tanınması olub. MDB məkanında ən səs-küylü tanınma Abxaziyanın tanınması olub. Kosovo və Abxaziya tanınmaları Dağlıq Qarabağın tanınmasına təsir edə bilməyibsə, Sudanın tanınması da Dağlıq Qarabağın tanınmasına təsir edə bilməyəcək", - Əhmədoğlu əlavə edib.

Ermənistan Prezidenti Serj Sarkisyan avqustun 29-da xarici ölkələrdəki səfirlərin Yerevan toplantısında bildirib ki, Dağlıq Qarabağın da Cənubi Sudan kimi müstəqil olacağı şübhəsizdir.

Politoloq ATƏT vasitəçilərinin Dağlıq Qarabağla bağlı mövqeyinin aydın və birmənalı olduğunu da xatırladıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti