Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində keçirilən montorinq insidentsiz ötüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Prayor və səhra köməkçisi Marius Puodziunas keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.