...

ATƏT-in Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sadiqdirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2011 03:52 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Bakıya və Yerevana səfər ediblər.
ATƏT-in Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sadiqdirlər

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Bakıya və Yerevana səfər ediblər.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrləri gələcəkdə Fasyeni Fransadan olan həmsədr kimi əvəz edəcək səfir Jak For müşayiət edib. Həmsədrlər Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyan, XİN rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər. Keçirilən bütün görüşlərdə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlamasına nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini təsdiq ediblər.

Press-relizdə deyilir ki, təmas xəttində baş vermiş son hadisələri nəzərə alan həmsədrlər 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə dair razılaşmanın şərtlərinə riayət etməsinin vacibliyini vurğulayıblar.

"Onlar təsdiq ediblər ki, bu cür hadisələr onu göstərir ki, sərhəd bölgələrində baş verən insidentləri araşdırmaq üçün prezidentlərin razılıq verdiyi məqsədyönlü mexanizmi həyata keçirmək zəruridir. Həmsədrlər həmçinin insanlar arasında etimadı doğrultmaq, dini, mədəni məkanları və qəbiristanlıqları qorumaq üçün əlavə tədbirlərin görülməsi barədə də müzakirələr aparıblar", - məlumatda deyilir.

Həmsədrlər noyabrın 29-u Ermənistan və Azərbaycan arasında sərhədi ayaqla keçərək hər iki tərəfin rəsmiləri ilə sərhəd regionundakı vəziyyəti müzakirə etmək üçün görüşüblər. Noyabrın 30-da həmsədrlər Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşüblər və vurğulayıblar ki, münaqişənin sülh yolu ilə həll olunması məcburi köçkün və qaçqınların öz yurd yuvalarına qayıtmaq hüquqlarını özündə əks etdirməlidir.

"Dekabrda ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək iclasından qabaq həmsədrlər tərəfləri sülh nizamlanmasına və saxlanması qəbul olunmaz olan status-kvo çərçivəsindən kənara çıxmağa sadiqliklərini təsdiq etmək üçün fürsətdən faydalanmağa çağırıblar", - bəyanatında bildirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti