...

Cənubi Qafqazda Tehran və Ankaranın rəqabəti güclənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2011 16:45 (UTC +04:00)
Bu yaxınlarda üç əsas sahədə - Yaxın Şərq, raket əleyhinə müdafiə və təhlükəsizlik (o cümlədən enerji) məsələləri - baş verən hadisələr Türkiyə və İranın Cənubi Qafqazda rəqabətini gücləndirib.
Cənubi Qafqazda Tehran və Ankaranın rəqabəti güclənib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Bu yaxınlarda üç əsas sahədə - Yaxın Şərq, raket əleyhinə müdafiə və təhlükəsizlik (o cümlədən enerji) məsələləri - baş verən hadisələr Türkiyə və İranın Cənubi Qafqazda rəqabətini gücləndirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Menas Associates" (London) təşkilatının siyasi analitiki Aleks Ceksonun Azərbaycan Diplomatik Akademiyasının (ADA) həftəlik nəşrində dərc edilən məqaləsində bildirilir.

"İranın İsraillə antaqonist münasibətləri Tehran və Ankara arasında əsas fərq idi, lakin Türkiyə-İsrail əlaqələrinin kəskin pisləşməsi bütün regionun geosiyasətində xeyli təkana səbəb olub", - Cekson yazır.

Ekspert hesab edir ki, belə bir şəraitdə Türkiyənin səbəbləri birmənalı deyil, lakin əsas səbəblərdən biri Ankaranın ərəb dünyasının flaqmanı olmaq istəyidir.

Onun sözlərinə görə, İsrailin tənqidi və ərəb inqilabçılarının dəstəyi Türkiyəyə bu məsələdə regionda özünü ənənəvi olaraq, müstəsna oyunçu qismində görən İranı ötməyə imkan verir.

Bununla yanaşı, Türkiyədə Ədalət və İnkişaf Partıyasının (AKP) guya antiqərb və islamyönlü kurs götürməsi ilə bağlı narahatlığa baxmayaraq, Ankara bu yaxınlarda NATO-nun planlaşdırılan raket əleyhinə müdafiə (RƏM) şəbəkəsinin bir hissəsinin öz ərazisində yerləşdirilməsinə razılıq verib. Bu şəbəkə İrana qarşı yönəlib.

Ekspertin fikrincə, Tehran bu jestə birbaşa təhdid kimi baxır ki, bu da Ankara ilə münasibətlərin xeyli pisləşməsinə gətirib çıxara bilər. "Türkiyənin öz ərazisində RƏM yerləşdirilməsinə razılıq verməsi faktı onun İran təhlükəsini qəbul etməsinin dərəcəsindən xəbər verir. Rəsmi olaraq hər iki dövlətin isti münasibətləri var və bu, xeyli dərəcədə düzgündür, lakin Ankaradakı rəsmi şəxslər İranın nüvə proqramını təhlükə hesab edirlər", - Cekson yazır.

Cekson bildirib ki, İran və Türkiyə arasında münasibətlər açıq şəkildə Azərbaycana da təsir edir. Bakının Ankara ilə çoxtərəfli münasibətləri əlbəttə ki, prioritet əhəmiyyət kəsb edir, lakin ölkənin İran ilə münasibəti də diqqətə alınmalıdır və Azərbaycan onlar arasında balans yaradacaq.

Ekspertin fikrincə, Ankara və Tehran tez-tez Qafqazda "nəzakətli müharibə"nin iştirakçıları kimi təsvir edilir. Belə ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanı dəstəkləyir, İran isə Ermənistanla daha sıx münasibətlərə malikdir.

Əslində isə Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanmasını qismən kompensasiya etməyə imkan verən körpüdən İranın xilasedici rolunu oynaması getdikcə daha da çətinləşir.

"Eyni zamanda, Türkiyənin dəstəyi Azərbaycanın strateji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir", - o vurğulayır.

Ekspertin qənaətincə, həm Türkiyə, həm də İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdirlər, lakin müxtəlif yanaşmaları var.

Onun sözlərinə görə, İranın əsas vəzifəsi münaqişənin regional liderlərin danışıqları yolu ilə nizamlanacağında təkid etməkdir.

"Eni zamanda, həm Türkiyə, həm də İran münaqişələrin nizamlanmasında öz modellərini təşviq etməklə digər ölkələrin təsirlərini azaltmağa çalışırlar. Türkiyə hələ 2008-ci ildə təklif edilən özünün "Qafqazda əməkdaşlıq və sabitlik platforması" regional layihəsinə İranın daxil olmasından açıq şəkildə çəkinirdi. Halbuki, İran sülhməramlı cəhdlərdə daha aktiv rol oynamağın tərəfdarıdır", - Cekson yazır.

Onun fikrincə, iki ölkə arasında rəqabət yarana bilər, lakin bu, Türkiyə-İran münasibətlərini xeyli zədələməyə kifayət etməyəcək. Lakin Cənubi Qafqazda kövrək və mürəkkəb təhlükəsizliyi nəzərə alsaq, bu, regional proseslərdə qəfil təkana gətirib çıxara və rəqabətdə qığılcımlara səbəb ola bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti