...

Ramiz Mehdiyev: Minsk qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini qənaətbəxş hesab etmək olmaz (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2011 11:08 (UTC +04:00)
ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz.
Ramiz Mehdiyev: Minsk qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini qənaətbəxş hesab etmək olmaz (ƏLAVƏ OLUNUB) (FOTO)

Ramiz Mehdiyevin cıxışı əlavə olunub (İlk xəbər 11:08-də yayılıb)

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

"Belə qeyri-hüquqi vəziyyətin yaranmasına baxmayaraq, biz beynəlxalq birliyin susqunluğunu müşahidə edirik. Dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir ki, Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün əllərini ağdan qaraya vurmayıblar", - Mehdiyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı çoxdandır ki, özü üçün pərdə arxasında ermənilərin işğalçılığının müdafiə olunduğunu aydınlaşdırıb.

"Minsk qrupu dövlətləri bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbr kasası artıq dolub. Halbuki XX əsrin yaxın tarixindən bəllidir ki, beynəlxlaq birlik təcavüz nəticəsində formalaşan oyuncaq dövlətləri heç zaman tanımayıb və ona qarşı mübarizə aparıb. Əks təqdirdə hansı dünya nizamından, hansı beynəlxalq təhlükəsizliyin və sülhün qorunması mexanizmlərindən söhbət gedə bilər?", - Mehdiyev vurğulayıb.

PA rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağdakı mövcud vəziyyət millətlərin qurmaq istədiyi gələcək ədalətli cəmiyyət və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalır.

"Beynəlxalq birlik öz səylərini artırmalı, beynəlxalq qanunun aliliyini rəhbər tutmalı və Ermənistanı beynəlxalq öhdəlikləri yerinə yetirməyə vadar etməlidir. Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Avropa Şurasında öz proqressiv mövqeyi ilə tanınan Azərbaycan vahid və universal dəyərlər, ideyalar ətrafında milli birliyin qorunmasını təmin etməklə yanaşı, öz spesifik xüsusiyyətləri ilə fərdlərin, azlıqların hüquqlarını tanıyır", - Mehdiyev əlavə edib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycanda hər bir fərd azad şəkildə etnik mənsubiyyətini təyin edib, özünə aid xüsusiyyətlərini inkişaf etdirə bilər.

"Millət dövlətin sərhədləri daxilində yaşayan, dil, din, etnik xüsusiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların cəmini əks etdirir. Dağlıq Qarabağda doğulan və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və Azərbaycan qanunvericiliyi çərçivəsində azad şəkildə fəaliyyət göstərə, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilər. Lakin təcavüz və əməkdaşlıq bir araya sığmır", - PA rəhbəri deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti onu regional layihələrdən təcrid edib, bu ölkənin iqtisadiyyatını çətin vəziyyətə salıb.

"Mərhumiyyətlər qarşısında qalan Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Azərbaycanda isə 1994-cü ildən həyata keçirilən iqtisadi strategiya bu gün də uğurla davam etdirilir", - Mehdiyev çıxışında vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti