...

Milli Məclis qaçqın və köçkünlərin qayıdışı və yenidən məskunlaşması ilə bağlı qanun hazırlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 16:02 (UTC +04:00)
Milli Məclisin Sosial siyasət və İnsan hüquqları komitələrinin cümə axşamı keçirilən birgə iclasında "Qayıdış və yenidən məskunlaşma" mövzusunda dinləmələr keçirilir.
Milli Məclis qaçqın və köçkünlərin qayıdışı və yenidən məskunlaşması ilə bağlı qanun hazırlayacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Sosial siyasət və İnsan hüquqları komitələrinin cümə axşamı keçirilən birgə iclasında "Qayıdış və yenidən məskunlaşma" mövzusunda dinləmələr keçirilir.

Trend-in məlumatına görə, dinləmələrdə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı hüquqi bazanın yaradılması vacib məsələdir.

"Artıq qaçqın və köçkün uşaqların da uşaqları dünyaya gəlib. Biz uşaqları qayıdış üçün hazırlamalıyıq", - Rəcəbli deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunları bir daha sübut etdi ki, Dağlıq Qarabağ probleminin həlli yaxındadır.

"Onun Azərbaycanda etdiyi çıxış beynəlxalq təşkilatlara mesajdır ki, qayıdış prosesi uzaqda deyil və buna hazır olmalıdırlar. Biz buna indidən hazır olmalıyıq, qanunverici bazanı təkmilləşdirməliyik", - Rəcəbli deyib.

Müzakirələrdə iştirak edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Ağdam və Füzuli rayonlarının bir hissəsinə qayıdış baş verib və bu, onu deməyə əsas verir ki, presedent var, bu sahədə artıq təcrübə var.

Muradova qayıdış və yenidən məskunlaşmanın da qanunverici bazasının yaradılmasının vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ötən illər ərzində xeyli müzakirələr aparılıb və öz həllini tapıb.

"2003-cü ildən sonra qaçqınların sosial problemlərinin həlli istiqamətində işlər görülüb. Bu məqsədlə 4,68 milyard dollar vəsait xərclənib, bunun da 2,7 milyardı dövlət büdcəsindən ayrılıb, 1 milyardı beynəlxalq təşkilatlardan, 900 milyon vəsait isə Dövlət Neft Fondundan ayrılıb", - o deyib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dinləmələrdə bildirib ki, qaçqınlaın öz doğma yurdlarına qayıtması bütün dünyanı maraqlandıran məsələdir, çünki dünyada 43 milyonadək qaçqın olan şəxs yaşayır.

"Bu qayıdış o zaman mümkün olacaq ki, Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı hüquqi baza yaradılsın", - Aslanova deyib.

O qeyd edib ki, əvvəlcədən yenidən məskunlaşma qrupları müəyyən olunmalıdır.

Xəbər lenti

Xəbər lenti