...

Əli Həsənov: Ermənilər qorxduqları üçün son günlər cəbhə xəttində fəallaşıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 10:44 (UTC +04:00)
Ermənilər qorxduqları üçün son günlər cəbhə xəttində fəallaşıblar, amma bu, təxribatdan başqa bir şey deyil.
Əli Həsənov: Ermənilər qorxduqları üçün son günlər cəbhə xəttində fəallaşıblar

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Mehdiyev/

Ermənilər qorxduqları üçün son günlər cəbhə xəttində fəallaşıblar, amma bu, təxribatdan başqa bir şey deyil. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov deyib.

"Hesab edirəm ki, bu fəallaşma həm də ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona, o cümlədən Azərbaycana səfəri ilə əlaqədardır. Ola bilsin ki, Ermənistana himayədarlıq edən bəzi dövlətləri bu səfər qane etməyib. Hər halda ermənilər bununla bir daha iç üzlərini açaraq dünya ictimaiyyətinə göstərdilər", - Həsənov bildirib.

Baş nazirin müavininin sözlərinə görə, 20 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və digər dövlətlər tərəfləri müharibədən çəkindirməyə çağırırlar. Ancaq özləri konkret addım atmırlar.

"Bəyan etmək asan şeydir, ancaq özləri hər hansı addım atmırlar. Prinsip etibarilə həmsədrlərin və digər beynəlxalq qrumların o cür bəyanatlarını müsbət qəbul etmək olar. Yəni müharibə hər iki tərəf üçün zərərlidir. Ancaq məhz həmin bəyanatı verənlər və Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirakı olanlar heç bir addım atmırlar. Heç olmasa problemi həll etsinlər və müharibəyə ehtiyac qalmasın. Məsələyə bu cür yanaşsaq, o zaman görərik ki, onların bu bəyanatları boş-boş sözlərdir. Ona görə də, Azərbaycan Prezidenti, ali baş komandan dəfələrlə bəyan edib ki, əgər Ermənistan tərəfi işğalçılıq mövqeyindən əl çəkməsə, o zaman Azərbaycan Silahlı Qüvvələri ali baş komandanın göstərişi ilə torpaqlarını azad edəcək. Bu bəyanat bu gün də qüvvədədir", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, bu fakdır ki, hazırda Ermənistan çox acınacaqlı vəziyyətə düşüb.

"Çünki himayədarlar da artıq Ermənistandan əl çəkirlər. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir və nəyahət ki, bu dövlət öz obyektiv mövqeyini ortaya qoyacaq", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti