...

İrlandiyanın ATƏT-in sədri qismində prioriteti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2012 11:02 (UTC +04:00)
İrlandiyanın 2012-ci ildə ATƏT-ə sədrliyi dövründə prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqinin əldə edilməsidir.
İrlandiyanın ATƏT-in sədri qismində prioriteti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İrlandiyanın 2012-ci ildə ATƏT-ə sədrliyi dövründə prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqinin əldə edilməsidir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya Baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eymon Gilmor News.am-a müsahibəsində bildirib.

"Bu ərazilərdə (Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisi və ətraf rayonlar) yaşayan insanlar kövrək və qeyri-sabit status-kvoya deyil, sülh və sabitliyə layiqdirlər", - o deyib.

Gilmorun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmək çox vacibdir.

"Prioritetlərimiz bir il müddəti üçün hazırlanır, buna görə də ATƏT-ə sədrlik etməzdən öncə başladığımızı davam etdirəcəyik. Ermənistan və Azərbaycana səfərimin əsas səbəblərindən biri bu ölkələrin siyasi rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq yollarının müzakirəsidir", - Gilmor qeyd edib.

Onun sözlərinə görə, ATƏT-ə sədrlik dövründə İrlandiya Dnepryanı münaqişənin nizamlanması prosesində müəyyən uğurlar əldə edə bilib.

"Mənə münaqişənin dağıdıcı qiyməti yaxşı tanışdır: ondan təkcə təmas xətti yaxınlığında yaşayan insanlar deyil, bütün vətəndaşlar əziyyət çəkir. Ölkəm də uzun müddət münaqişədən əziyyət çəkib", - Gilmor vurğulayıb.

İrlandiya xarici işlər naziri əlavə edib ki, Minsk qrupunun həmsədrləri (Fransa, Rusiya və ABŞ) atəşkəs rejiminin möhkəmləndirilməsi üzərində fəal işləyir və danışıqların köməyi ilə həll yollarını tapmağa çalışırlar ki, bu da ATƏT-in sədrliyi tərəfindən tam dəstəklənir.

Onun sözlərinə görə, İrlandiya təcrübəsi göstərir ki, real tərəqqiyə nail olmaq üçün müxtəlif sahələrdə tətbiq edilən addımların kombinasiyası lazımdır.

"ATƏT-də sədrliyə başlamağımızdan artıq yarım il ötüb və biz təkcə növbəti altı ayın perspektivinə deyil, həm də ümumilikdə təşkilatımızın gələcək fəaliyyətinə böyük diqqət ayırırıq. Biz 2015-ci ilədək prioritetləri hazırlayaraq ATƏT-in növbəti sədri Ukrayna ilə, həmçinin gələcək İsveçrə və Serbiya sədrliyi ilə sıx əməkdaşlıq edirik", - Gilmor bildirib.

Onun sözlərinə görə, etimad ab-havasının yaradılması Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün yeganə yoldur.

"İnsanlar arasında birbaşa əlaqələri genişləndirmək və ibadət yerləri, mədəni obyektlər və qəbiristanlıqların mühafizəsi üzrə səylər göstərmək lazımdır", - Gilmor deyib.

Xəbər lenti

Xəbər lenti