...

Mübariz Əhmədoğlu: Snayperlərin geri çəkilməsi və insidentlərin tədqiqi mexanizmləri Minsk qrupunun həmsədrlərinin vasitəçilikdən imtina mexanizmidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2012 13:13 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrləri bəzi məsələləri israrla gündəlikdə saxlayır, digər məsələləri isə israrla rədd edirlər. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Snayperlərin geri çəkilməsi və insidentlərin tədqiqi mexanizmləri Minsk qrupunun həmsədrlərinin vasitəçilikdən imtina mexanizmidir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrləri bəzi məsələləri israrla gündəlikdə saxlayır, digər məsələləri isə israrla rədd edirlər. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

"Vasitəçilər dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağın gələcək statusunu orada indi yaşayan ermənilər və vaxtilə yaşamış azərbaycanlılar birlikdə həll edəcəklər. Yenilənmiş Madrid prinsiplərinin də mahiyyəti budur. Dağlıq Qarabağın statusunun müəyyən olunmasına Azərbaycan və Ermənistan tərəfinin baxışları daban-dabana zidd olsa da, Ermənistanda da qəbul edirlər ki, Dağlıq Qarabağdan qovduqları azərbaycanlıların bu və ya digər formada rəyi olmadan Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcəklər", - Əhmədoğlu bildirib.

O qeyd edib ki, statusla bağlı referendumdan imtina etməyən erməni tərəfi təklif edir ki, referendum iki ayrı yerlərdə - ermənilərin və azərbaycanlıların indiki yaşadıqları yerlərdə keçirilməlidir. Beləliklə, Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunmasında orada yaşayan ermənilərlə orada yaşamış azərbaycanlıların birgə iştirakından doğan məntiq bu iki qrup adamın təmaslarını zəruri edir. Dağlıq Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlıların görüşü nə qədər tez başlasa, bu, statusun müəyyən olunmasının bir o qədər tez başlanması deməkdir.

"Snayperlərin geri çəkilməsi və qoşunların təmas xəttindəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılması məsələləri isə vasitəçilərin israrla gündəliyə sırıdıqları məsələdir. Onların bu sahədəki cəhdləri kifayət qədər şübhə yaradır. Əgər snayperlərin geri çəkilməsi erməni qoşun birləşmələrinin Azərbaycan ərazisindən çıxması ilə davam olunacaqsa və bu barədə Ermənistan tərəfi müvafiq sənəd imzalayacaqsa, bu, ayrı məsələdir. Eləcə də qoşunların təmas xəttindəki insidentlərin araşdırılması məsələsində vasitəçilərin tutduğu mövqe də əcaib məntiqsizdir. Bunlar o anlama gəlir ki, həmsədrlər erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazisində malik olduqları indiki mövqelərini rəsmiləşdirməklə məşğuldurlar", - politoloq deyib.

O vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu "vasitəçilik" adı ilə etmək istəyirlər. Bəşər tarixində ən ləyaqətsiz vasitəçilik missiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğu vasitəçilik missiyasıdır.

"Dağlıq Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlıların təmaslarının, icmalararası dialoqun qurulması isə vasitəçilərin israrla rədd etdiyi məsələdir. Əslində, vasitəçilərin əsas missiyası bu dialoqun qurulmasıdır", - Əhmədoğlu deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanla daha çox təmasdadırlar, ermənilərin əksər xarakterlərinə uyğunlaşıblar. Əksərən, ermənilər mövqelərinə diqqəti cəlb etməkdən ötrü hədsiz məntiqsiz bəyanatlar verirlər.

"Bu kontekstdən vasitəçilərin belə bədnam məntiqsiz mövqeyinə diqqəti öz fəaliyyətlərinə cəlb etmək kimi yanaşmaq da olar. Vasitəçilər Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləyə bilməyəcəklərini qışqıra-qışqıra beynəlxalq aləmə çatdırırlar və beynəlxalq aləmdən onların vasitəçilik fəaliyyətinə xitam verilməsini təkidlə tələb edirlər", - politoloq deyib.

Əhmədoğlu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya səfəri zamanı ona göstərilən münasibət rəsmi Bakının vasitəçilərin vasitəçilik fəaliyyətinə xitam verilməsi barədə mövqeyini düzgün başa düşdüyünü və bunu dəstəkləməyə hazır olduğunu nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti