...

Rafael Hüseynov: Avropa Şurası atəşkəsin pozulması hallarının qabağının alınmasını tələb etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2012 21:28 (UTC +04:00)
Avropa Şurası bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq dərhal atəşkəs rejiminin pozulması hallarının qabağının alınmasını tələb etməlidir. Trend-in məlumatına görə bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının birinci iş günü qurumda sərbəst müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Rafael Hüseynov: Avropa Şurası atəşkəsin pozulması hallarının qabağının alınmasını tələb etməlidir

Fransa, Strasburq, 25 iyun /Trend, müxbir A. Məhərrəmli/

Avropa Şurası bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq dərhal atəşkəs rejiminin pozulması hallarının qabağının alınmasını tələb etməlidir. Trend-in məlumatına görə bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının birinci iş günü qurumda sərbəst müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Qeyd edək ki, sərbəst debatlarda çıxışında Ermənistan nümayəndə heyətinin üzvü N. Zohrabyan irəlicədən öz ölkəsinin mətbuatında elan etdiyi kimi Azərbaycanı guya atəşkəs rejimini pozmaqda ittiham etmiş, həmin heyətin digər üzvü D. Harutunyan isə AŞPA-dakı Dağlıq Qarabağ üzrə alt komitəyə diqqət yönəldərək Assambleya rəhbərliyinin həmin qurumun fəaliyyətini dirçəltmək cəhdlərini pisləmiş, bu alt komitəyə ehtiyac olmadığını bildirib.

Azərbaycanlı deputat erməni deputatların nitqindəki məqamlara cavab verib.

"Son dövrlərdə Cənubi Qafqaz regionunda gedən proseslərin bütün Avropada sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilməsi Assambleya tərəfindən təxirə salmadan ciddi addımların atılması ehtiyacını yaratmışdır. Başlıca təhlükə nədən ibarətdir? Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsini bir sıra xarici qüvvələrin köməyi ilə zəbt etmiş və 20 ilə yaxın bir müddətdə bu əraziləri nəzarətdə saxlayan Ermənistan son aylarda intensiv şəkildə atəşkəs rejimini pozmağa başlamışdır. Dağlıq Qarabağ problemini danışıqlar vasitəsilə həll etmək Ermənistanın, o cümlədən, işğala uğramış Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəliklərindən biridir. Ermənistanın atəşkəs rejimini sistemli şəkildə pozması və gizlətmədiyi müharibə niyyətləri bu dövlətin problemi sülh yolu, diplomatik vasitələrlə həll etmək fikrindən uzaqda olduğunu bir daha aşkar nümayiş etdirməkdədir. Bu nəticəyə gəlməyə əsas verən digər amilsə ondan ibarətdir ki, Ermənistan Avropa Şurası bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə müvəqqəti komitənin fəaliyyətini Assambleya rəhbərliyinin bütün səylərinə baxmayaraq mütəmadi olaraq pozmaqdadır. İndiki situasiyada genişmiqyaslı müharibənin başlanması son dərəcə real görünməkdədir. Ermənistan və Azərbycanın insan resurlarını, iqtisadi vəziyyətini, hərbi gücünü müqayisə edərkən son dərəcə böyük fərqlər hər kəsə aydın olar. İqtisadi cəhətdən tənəzzül içərisində olan və bu böhranlı vəziyyəti hər gün daha da dərinləşən Ermənistanın bütöv dövlət büdcəsi Azərbaycanın yalnız Müdafiə xərcləri üçün nəzərdə tutulmuş xərclərindən də azdır. Ağır siyasi, iqtisadi, mənəvi şərait üzündən ölkədən çıxmaq imkanı olan bütün vətəndaşların kütləvi şəkildə Ermənistanı tərk etməsi nəticəsində əhalinin sayı 2 dəfədən artıq azalmışdır. İndi Azərbaycan əhalisi Ermənuistandakından 4 dəfə çoxdur"- Hüseynov deyib.

R. Hüseynov Avropa Şurasını bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq dərhal atəşkəs rejiminin pozulması hallarının qabağının alnmasını tələb etməyə çağırıb.

"Qaynama həddinə yetişən su mütləq daşmalıdır. Hadisələrin son aylardakı axarı, Ermənistanan gün-gündən şiddətlənən təhrikedici əməlləri isə açıqca söyləyir ki, qəfil qaynama anı uzaqda deyil. O an yetişəndən sonra isə əhatə dairəsi çox iri ola biləcək faciələrin qarşısını almaq mümkünsüzləşəcəkdir. Ona görə də nə qədər ki, həmin qaynama anı, partlayış məqamı yetişməyibdir, təcili və təxirsiz addımlar atılmalıdır. Avropa Şurasında, elə bu sessiyadaca, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə çərçivəsində müzakirələri təşkil edilməlidir. Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq dərhal atəşkəs rejiminin pozulması hallarının qabağının alnmasını tələb etməlidir. Bu müharibə nə erməni, nə Azərbaycan xalqına, nə regiona, nə demokratik Avropaya lazımdır. Bəs kimin üçün lazımdır? Bu sualın cavabı ətrafında düşünək və bunu da bircə an belə unutmayaq ki, böyük müharibə təhlükəsi artıq son dərəcə realdır! Ayıq olun!"- millət vəkili çıxışını bitirib.

Avropa Şurası Parlament Assambletasının prezidenti cənab Jan-Klod Minyon deputat Rafael Hüseynovun çıxışına reaksiya verərək söyləmişdir ki, AŞPA bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti dayandırılmayıb, əksinə bu qurumun fəaliyyətini gücləndirmək üçün ciddi iş aparılır. O, bir vaxtlar intensiv fəaliyyətdə olmuş alt komitəni dirçəltməyin zəruriliyini qeyd edərək elə cari sessiyada Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini dəvət edəcəyini, məsələ ilə əlaqədar müzakirələr aparacağını bildirmişdir. Assambleya prezidenti Dağlıq Qarabağ üzrə alt komitəni işlək orqanizmə çevrilməsi ilə əlaqədar məsələni yenidən büronun gündəliyinə çıxaracağını da vəd etmişdir.

Xəbər lenti

Xəbər lenti