...

Rumıniya parlamentində ermənilərin Xocalıda törətdikləri vəhşiliklər və Azərbaycan torpaqlarının işğalı pislənilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2013 16:55 (UTC +04:00)
Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilib.
Rumıniya parlamentində ermənilərin Xocalıda törətdikləri vəhşiliklər və Azərbaycan torpaqlarının işğalı pislənilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi bəyanat verilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirib. Deputat çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, hazırda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20%-nin Ermənistan Respublikası tərəfindən işğal altında olduğunu diqqətə çatdırıb. L.Militaru milliyətçi və etnik ayrı-seçkilik zəminində 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərində xüsusi amansızlıqla Azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırım qurbanları haqqında məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb. O həmçinin, beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədlərinin toxunulmazlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliliyinin dəstəklənməsinin zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Sonda deputat regionda sülhün bərqərar olması üçün birinci addım kimi BMT-yə üzv olan bütün demokratik ölkələrin münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərarlarının, o cümlədən işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli olduqlarını bildirib.

Qeyd edək ki, erməni diasporunun güclü, köklü və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi Avropa ölkələrindən ikincisi məhz Rumıniyadır. Ölkənin demək olar ki, bütün ictimai-siyasi dairələrində təmsil olunan erməni mənşəli diaspor nümayəndələri, xüsusən, yüksək vəzifəli məmurlar bütün imkanlardan istifadə edərək ölkəmiz əleyhinə çirkin təbliğat fəaliyyəti aparır, erməniləri Dağlıq Qarabağ münaqişəsində zülmə məruz qalan xalq kimi tanıtmağa çalışaraq, işğal faktına bəraət qazandırmağa çalışır. Belə olan halda, erməni mənşəli qatı daşnaksütyunçu deputatların da təmsil olunduğu Rumıniya parlamentində ermənilərin Xocalıda törətdikləri qırğını xüsusi amansızlıqla müşayiət olunan cinayət aktı kimi qiymətləndirən, bir sözlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini rəqəm və faktlarla ifşa edən, onu pisləyən və münaqişənin beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr əsasında ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin vacibliyini irəli sürən bəyanatın verilməsi və dəstəklənməsi müstəsna əhəmiyyət kəsb edir.

"1987-1988-ci illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində başlamış Ermənistan-Azərbaycan münaqişəsi sonradan Azərbaycan Respublikasının ərazisinin 20%-nin işğal olunmasına gətirib çıxarmışdır. Nəticədə təxminən 30 min azərbaycanlı həlak olmuş, 50 min yaralanmış və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün statusunu almağa məcbur olmuşdur. Hal-hazırda Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan 7 ərazi vahidi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. Erməni tərəfinin xüsusi qəddarlıqla həyata keçirdiyi hərəkətlər arasında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində milliyyətçilik və etnik ayrı-seçkilik zəminində törədilmiş kütləvi qətl yer alır. Xocalı qırğını nəticəsində 613 vətəndaş xüsusi qəddarlıqla öldürülmüşdür, bunlardan 106-nı qadınlar, 63-nü uşaqlar və 70-ni qocalar təşkil edir.
Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, beynəlxalq ictimaiyyətə üzv ölkələr tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və suverenliyinin dəstəklənməsi zəruridir.

Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc əhaliyə qarşı milliyyətçilik və etnik ayrı-seçkilik zəminində qətllərin həyata keçirilməsi, insanlıq əleyhinə cinayət hesab edilməli və beynəlxalq ictimaiyyət bu faktı insanlıq, beynəlxalq təhlükəsizlik və xalqların birgə dinc yaşayışına təhdid saymalıdır.

Nəhayət, bölgədə sülhün bərqərar olunması üçün ilk addım kimi, BMT-yə üzv olan demokratik ölkələr erməni tərəfindən beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdikləri qərarların, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının dərhal, tam və qeyri-şərtsiz azad edilməsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini tələb etməlidir", - Militaru bəyanatında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti