...

Azərbaycan ombudsmanı Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 17:38 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Azərbaycan ombudsmanı Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Bəyanatda göstərilir ki, tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilib. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni separatçıları yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirib, zaman-zaman öz torpaqlarından deportasiya ediblər.

Bu işğalçı dövlətin 1988-ci ilin fevralından Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışlarına keçmiş sovet rəhbərliyinin heç bir siyasi qiymət verməməsi nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qalmış, belə ki, bir milyon soydaşımız ağır qaçqın və öz vətənində məcburi köçkün həyatı yaşamaqdadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər.

"Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 487 dinc sakin ağır yaralanaraq şikəst olub, 1275 nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyil. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Soyqırımı törədənlər Xocalı sakinlərini diri-diri yandırıb, başlarının dərisini soyub, gözlərini çıxarıblar. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulub", - bəyanatda qeyd edilir.

Ombudsman hesab edir ki, beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq, genosid faktıdır.

Ombudsman bəyanatında bir neçə beynəlxalq sənədlərə, o cümlədən BMT Baş Məclsinin qətnamələrinə istinad edərək bildirir ki, beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur.

Süleymanovanın fikrincə, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosiddir və həmin vəhşilik, vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır.

Ombudsman bu hadisəər layiqli qiymətini verməyən beynəlxalq ictimaiyyəti də tənqid edib

"Bu işğalçı ölkənin yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya və digər müvafiq beynəlxalq hüquqi aktlar Xocalı faciəsinin soyqırımı kimi tanınmasına hüquqi əsas verir", - Süleymanova bildirib.

İnsan hüquqları üzrə üvəkkil qeyd edib ki, calqların, bütün tərəqqipərvər bəşəriyyətin sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə Cənubi Qafqazda, Avropa məkanında sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir.

ABŞ-da yaşayan azərbaycanlılar Ağ Evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının və bu qətliamın qurbanlarının tanınması məqsədi ilə petisiya yerləşdirdiklərini qeyd edən Süleymanova bu müraciət kampaniyasına səslərin sayı 100 mini keçdiyinə görə ABŞ prezidentinin Xocalı faciəsi ilə bağlı bəyanat verəcəyi və məsələnin Senatda müzakirəyə çıxarılacağı gözlənildiyini bildirib. Eyni zamanda Azərbaycan-Amerika Şurası və Pax Turcica təşkilatı da faciənin tanınması istiqamətində məktub kampaniyası keçirir. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları hər il Konqresə, yerli hökumətə bu qəddar cinayəti pisləyən məktublar göndərir, yerli KİV-də məqalələrlə çıxış edirlər.

Bəyanatında sonunda deyilir: "Dünya ictimaiyyəti ölkəmizin ərazi bütövlüyünün bərpasını dəstəkləyir və qəbul edir ki, Azərbaycanın ərazisi işğal olunub, Dağlıq Qarabağ güc yolu ilə onun nəzarətindən çıxarılıb. Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur. Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən məlum münaqişənin həllinə yönəlmiş səylərini beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq daha da artırmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən bu hadisə genosid aktı kimi tanınmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad olunmalı, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti