...

Pakistanda Xocalı soyqırımına həsr edilmiş "dəyirmi masa" keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 20:23 (UTC +04:00)
Azərbaycan səfirliyinin Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirləri çərçivəsində bu gün Pakistanın Sülh və Demokratiya İnstitutu tərəfindən “Baskin Chalet” fransız klubunda “Xocalı soyqırımı-Humanizmin Qaranlıq Tərəfi” adlı dəyirmi masa keçirilib.
Pakistanda Xocalı soyqırımına həsr edilmiş "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycan səfirliyinin Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirləri çərçivəsində bu gün Pakistanın Sülh və Demokratiya İnstitutu tərəfindən "Baskin Chalet" fransız klubunda "Xocalı soyqırımı-Humanizmin Qaranlıq Tərəfi" adlı "dəyirmi masa" keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, elmi diskussiya formatında təşkil olunmuş tədbirdə Sülh və Demokratiya İnstitutunun direktoru Asif Nur, Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisləri, tanınmış jurnalistlər, siyasi analitiklər, İslamabad şəhərində akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Seminarda çıxışın edən səfir Daşqın Şikarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Xocalı soyqırımı haqqında geniş məlumatlar verib. Səfir beynəlxalq hüquq prinsiplərinə arxalanaraq, Xocalıda baş vermiş hadisələrin məhz soyqırım olduğunu bildirib. O, Pakistan da daxil olmaqla, bir neçə ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulayıb.

Strateji Araşdırmalar Mərkəzinin professoru Aftab Qazi öz çıxışını Xocalı soyqırımını işıqlandırmış beynəlxalq medianın və Memorial Fondunun tədqiqatlarında qurub. Bildirib ki, bu hesabatlar müstəqil media mənsubları və təşkilat tərəfindən hazırlanmış və tamamilə qərəzsizdir. Daha sonra natiq Xocalı hadisələrinin ən fəal iştirakçısı olan Ermənistanın hazırkı Prezidenti S.Sarkisyandan sitat gətirərək, bu soyqırımının Ermənistan tərəfindən məqsədli şəkildə edildiyini açıqlayıb.

Tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin digər alimi Sabah Aslam isə Xocalı soyqırımının bütün dünya ictimaiyyəti tərəfindən tanınması vacibliyini ön plana çəkib. Bildirib ki, bütün sülhsevər qüvvələr bu istiqamətdə birgə səylər göstərməlidirlər. Daha sonra o, Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, ABŞ-ın 6 ştatı və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanındığını bildirib, Pakistan Senatının qəbul etdiyi qətnamədən sitat gətirib.

Sabah Aslam xüsusi vurğulayıb ki, ermənilərin bu vandallığının ifşa olunması humanizm və ədalət prinsiplərinin bərqərar olunmasına və gələcəkdə belə hadisələrin təkrar olunmamasına xidmət edəcək. Alim beynəlxalq ictimaiyyətin 1992-ci ildə baş vermiş Xocalı soyqırımına biganə qalması və cinayətkarların layiqli cəza almaması səbəbindən 1995-ci ildə Bosniyanın Srebrennitsa şəhərində müsəlmanlara qarşı növbəti dəhşətli soyqırımın baş verdiyini qeyd edib.

Sülh və Demokratiya İnstitutunun direktoru Asif Nur Xocalı soyqırımının beynəlxalq cinayət adlandırılması üçün kifayət qədər hüquqi bazanın mövcud olduğunu vurğulayıb. O, BMT Baş Assambleyası tərəfindən 1951-ci ildə qəbul olunmuş "Soyqırımı cinayətinin qabağının alınması və cəzalandırılması konvensiyası", "Nürmberq hərbi tribunalının qanunverici aktı", "Keçmiş Yuqoslaviyaya dair beynəlxalq cinayət tribunalının qanunvericilik aktı", "Beynəlxalq cinayət məhkəməsinin qanunvericilik aktı" və diqər sənədləri misal gətirib. Asif Nur Xocalı soyqırımını törədənləri tutduqları vəzifələrində asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməsi zəruriliyi bildirib.

Çıxışlardan sonra tədbir iştirakçıları mövzu ətrafında geniş diskussiya aparıblar. Səfir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən CD formatında filimlər, fotoalbom və "Diplomatik İnsight" jurnalı tərəfindən yeni nəşr edilmiş "Azərbaycan-Pakistan Dostluq və Əməkdaşlığın 20 İli" adlı kitab iştirakçılara paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti