...

Ermənilər Qarabağı hərbiləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 15:15 (UTC +04:00)
Bununla əlaqədar müəyyən fikirlərlə bölüşmək yerinə düşərdi. Məlumdur ki, heç bir ideya məqsəd və səbəbsiz ortaya atılmır. Məhz belə bir vaxtda, yəni Dağlıq Qarabağ ətrafında sülh və müxtəlif danışıqların gərginlik ərəfəsində bu məsələlər əbəs yerə qabardılmır.
Ermənilər Qarabağı hərbiləşdirir

Arzu Nağıyev - Trend-in icmalçısı

Keçən ilin noyabr ayından başlayaraq, bir sıra erməniyönümlü elektron kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ, daha doğrusu, Kəlbəcərin işğal altında olan Vəng kəndində Suvorov və Mədətov adına hərbi məktəbin tikilməsi haqqında məlumatlar dərc edilməyə başladı. Diqqət yetirilmədiyi üçün bu yazılar demək olar ki, qısa müddətdən sonra dayandırıldı. Lakin Ermənistanda prezident seçkiləri ərəfəsində Sarkisyanın təbliğatına nəzərdə tutulmuş həmin yazılar yenidən gündəmə gəlməyə başladı.

Bununla əlaqədar müəyyən fikirlərlə bölüşmək yerinə düşərdi. Məlumdur ki, heç bir ideya məqsəd və səbəbsiz ortaya atılmır. Məhz belə bir vaxtda, yəni Dağlıq Qarabağ ətrafında sülh və müxtəlif danışıqların gərginlik ərəfəsində bu məsələlər əbəs yerə qabardılmır.

Ermənilərin fikrincə, "Dağlıq Qarabağın təhlükəsizlik proqramını təmin etmək üçün həyata keçirilən tədbirlər" çərçivəsində belə bir hərbi məktəbin tikilməsi labüddür və "erməni mənşəli" A.Suvorov və "əfsanəvi" (?) V.Mədətovun "adını daşıyacaqdır və tikintisi 2014-ci ildə başa çatmalıdır. Işlərin koordinatoru isə "əfsanəvi general- komandos" Arkadi Ter-Tadevosyandır.

"Kavkazskiy uzel" saytının yaydığı məlumata görə, məktəbin yaradılması ideyası və layihənin maliyyə dəstəkçisi əslən Vəng kəndindən olan, hazırda Rusiyada yaşayan iş adamı və "xeyriyyəçi" kimi tanınan, "Sobesednik" nəşriyyat evinin direktorlar şurasının sədri Levon Ayrapetyandır. Onun Rusiyanın bir sıra yüksək vəzifəli dövlət məmurları ilə iş birliyi və digər əlaqələri olduğu məlumdur. Hətta "DQR"-də keçirilən qondarma "prezident" seçkilərində də rusiyönümlü namizədlərdən birinin maliyyə dəstəkçisi idi.

Bir sıra məqamlara fikir versək görərik ki, hərbi məktəbə ad verməkdə əsas məqsədlərdən biri də guya Suvorovun erməni mənşəlı olmasını göstərməkdir. Məlumdur ki, Suvorovun erməniəsilli kimi göstərilməsi ermənilərin heç bir yerdə təsdiqini tapmayan uydurmasıdır.

Mədətov isə (Valerian (Rüstəm) Мədətov-Karabaxskiy) əsli-kökü və milliyyəti bəlli olmayan, Suşanın Çanaxçı kəndində anadan olmuş, rus ordusunda qulluq etmiş, türklərə, azərbaycanlılara, Qafqaz xalqlarına qarşı satqınlığı və qəddarlığı ilə seçilən hərbçi olub.

Daha çox "ön plan"da görünən "əfsanəvi general- komandos" Arkadi Ter-Tadevosyan isə Bakı və Leninqrad hərbi məktəblərində təhsil almış, Tiflisdə anadan olmuş, Əfqanıstan, Çexoslovakiya, Almaniya, Belarus və 1987-ci ildən Ermənistanda Sovet ordusunda qulluq etmiş və Dağlıq Qarabağ ərazisində Şuşa, Xocalı və bir sıra yaşayış məntəqələrində yaramazlığı ilə seçilən və bu qəddarlıqlarına görə 2009-cu ildə "qəhrəman" adı almış istefada olan hərbçidir.

Hərbi məktəbin yaradılmasını ermənilər hərbi təcavüz zamanı müdafiə üçün yerli sakinlərdən yüksək hərbi təhsilli mütəxəssislərin yetişdirilməsi məqsədilə izah edirlər. 2001-ci ildən Dağlıq Qarabağ ərazisində Rusiyada yaşayan iş adamlarının maliyyə dəstəyi hesabına Xankəndi yaxınlığında İvanyan adına hərbi-idman təmayüllü gimnaziya fəaliyyət göstərir və hər il 70-dən çox kursant burada təhsil alır və məzunlar Ermənistan hərbi müəssisələrinə göndərilir.

Əgər belə bir məktəb fəaliyyət göstərirsə, ikinci bir məktəbin yaradılması zərurəti nədən doğur? Xankəndində hava limanının tikilməsi, Yerevanda KTMT-nin hərbi akademiyasının yaradılması, hazırda Vəngdə hərbi məktəbin inşası hansı mətləblərdən xəbər verir, regionun hərbiləşdirilməsi kimə lazımdır?

Təqdim olunan layihəsinə əsasən, hərbi və digər sahələri istisna olmaqla, məktəb böyük akt zalına, tribunalı futbol, boks, güləş, ağır atletika, basketbol, ​​voleybol və tennis meydançalarına, eləcə də bağ və istixanalara malik olmalıdır. Deməli, Ermənistanın KTMT-nin üzvü olması və əhalinin say hesabı da nəzərə alınarsa, bu tikinti tək Dağlıq Qarabağ üçün nəzərə alınmayıb. Deməli, sülhdən, barışıqdan danışmaq hələ tezdir. Çünki belə yanaşma əks tərəfi razı sala bilməz və adekvat addımlar atılmalıdır və yəqin ki, atılacaq.

Belə bir miqyasda aprılan tikinti işləri haqqında məlumatlar sülhə nail olmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətində də çox güman ki, öz qiymətini almalı və müvafiq qərarlar qəbul edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti