...

Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2013 15:54 (UTC +04:00)
Bu gün Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası: "Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" mövzusunda beynəlxalq konfrans keçirilib.
Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası: "Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, beynəlxalq konfransa Türkiyə, Moldova, Makedoniya, Bolqarıstan və Ukraynadan nüməyəndələr də qatılıb.

Əvvəlcə tədbirə gələn qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək tər gül dəstələri qoyublar, sonra Xətai rayonu ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.

Tədbirə gəlmiş qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olublar.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər doktoru Mürtəza Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, tarix elmləri doktoru Anar İsgəndərov, ölkəmizdə fəaliyyət göstərən Türkiyə, Qırğızıstan, Ukrayna dövlətlərinin səfirliklərinin nümayəndələri, Türkiyədən gəlmiş siyasi elmlər üzrə fəlsəfə doktoru Tayfun Atmaca, Ahıska Türk Dərnəkləri Federasiyasının Baş katibi Ertan Topçu, Türk Dünyası İnsan Hüquqları Təşkilatının sədri Abdullah Buksur, Bolqarıstandan gəlmiş beynəlxalq insan hüquqları üzrə ekspert Zəkiyə Həbib, Makedoniyadan gəlmiş tədqiqatçı Sezen Seyfullah, Moldovadan gəlmiş Ekatrine Petkoviç, Ukraynadan gəlmiş Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti, tarix elmləri namizədi Oleq Kupçik və Andjey Modjevskiy adına Krakov Akademiyasının professoru, Kiyev Milli Linqvistik Universitetinin hüquq fakültəsinin müdiri Aleksandr Merejko və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi təşkil etməsinin aşkar bir gerçəklik olduğunu bildirib. Xocalı faciəsinin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəltmək olduğunu qeyd edib.

"Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr, ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar qarşısında XX əsrin dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar. Qarşımızda duran əsas vəzifələrdən biri də bu olmalıdır ki, bu cinayəti törədənlər qanun qarşısında cavab versinlər", - Əhmədov deyib.

Öz növbəsində, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov erməni millətçiləri tərəfindən törədilən vəhşiliklərin dünya ictimaiyyətinə daha geniş, səmərəli çatdırılmasının əhəmiyyətini qeyd edib.

Milli Məclisin deputatı Mixail Zabelin Dağlıq Qarabağ münaqişəsinin canlı şahidi kimi ermənilərin törətdiyi soyqırımı insan amansızlığının ən yüksək həddi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib.

O, bu qətliamın müəlliflərinin isə özlərini dünyaya "əzabkeş" kimi təqdim edən erməni millətçiləri olduğunu bildirirərək, xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının hər il daha geniş miqyasda qeyd olunduğunu, fəlakət qurbanlarının xatirəsinin əziz tutulduğunu nəzərə çatdırıb.

"Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilərək, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdirildi. Məhz bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması, erməni vandalizminin bütün gerçəklikləri ilə dünyaya nümayiş olunması mühüm amildir", - Mikayılov deyib.

Daha sonra Xocalı soyqırımında həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirilib.

Sonra Tayfun Atmaca "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti", Oleq Kupçik "20-ci əsrdə Ukrayna və Azərbaycan xalqlarının soyqırımı: tarixi paralellər", Ertan Topçu "Ahıska türklərinə qarşı sürgün siyasəti və Qafqaz bölgəsində cərəyan edən proseslər", Zəkiyə Həbib "İnsan hüquqları və Xocalı", Elman Nəsirov "Xocalı soyqırımı: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq təcrübə və onun tətbiqi mexanizmləri" mövzularında çıxış ediblər.

Natiqlər terrorun dininin və milliyətinin olmadığını deyib, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti