...

Fransa mətbuatında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 16:12 (UTC +04:00)
Fransanın nüfuzlu Colisee.org saytında XX əsrin ən qanlı səhifələrindən olan Xocalı faciəsi ilə bağlı "Xocalı faciəsinin 21-ci ildönümü: Bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri" adlı məqalə yerləşdirilib. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Avropa Şurası yanındakı Daimi nümayəndəliyindən məlumat verilib.
Fransa mətbuatında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/

Fransanın nüfuzlu Colisee.org saytında XX əsrin ən qanlı səhifələrindən olan Xocalı faciəsi ilə bağlı "Xocalı faciəsinin 21-ci ildönümü: Bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri" adlı məqalə yerləşdirilib. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Avropa Şurası yanındakı Daimi nümayəndəliyindən məlumat verilib.

Məlumatda Cənubi Qafqazda potensial münaqişə ocaqlarının mövcudluğunun regionun sabitliyinə böyük təhlükə olduğu, SSRİ-nin süqutundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskin xarakter aldığı qeyd olunur. Həmçinin, Sovet ordusunun köməyi ilə Ermənistanın Azərbaycanın əzəli torpağı və mədəniyyət ocağı Dağlıq Qarabağ da daxil olmaqla, 20 faiz ərazisini işğal etdiyi, ata-baba yurdlarından silah gücünə qovulan insanların doğma vətənlərində qaçqın və məcburi köçkünə çevrilmələri diqqətə çatdırılıb. Bundan başqa, münaqişənin danışıqlar yolu ilə həlli məqsədilə 1992-ci ildə ABŞ, Fransa və Rusiya dövlətlərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun yaradıldığı və bu təşkilatın fəaliyyətinin indiyə qədər heç bir nəticə vermədiyi qeyd olunur.

Məlumatda Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pislənilməsi, işğal altındakı ərazilərin dərhal və heç bir şərt qoyulmadan azad olunması barədə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə dörd qətnamənin qəbul olunmasına baxmayaraq, onların yerinə yetirilməməsi səbəbindən Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən ətraflı bəhs olunur.

1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin minlərlə insanın həyatına son qoymasının xatırlandığı yazıda "Qafqazın Srebrenitsası" adlandırılan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ-nin 336-cı motoatıcı alayının köməyi ilə silahlı erməni birləşmələrinin günahsız sakinlərə qarşı soyqırım törədilməsi oxucuların diqqətinə çatdırılır. Nəticədə 106-sı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla 613 nəfərin amansızlıqla qətlə yetirilməsi, 1275 xocalılının əsir düşdüyü, Srebrenitsadan əvvəl dünyanın Xocalı xalqına qarşı törədilən soyqırımın şahidi olduğu bildirilib. Diqqətə çatdırılıb ki, XX əsrin sonunda bu cür vəhşiliklər qəbuledilməzdir. İnsan haqlarının aliliyi və toxunulmazlığı bütün insani faciələrə münasibətdə də vahid yanaşma və mühakimənin yürüdülməsini tələb edir.

Məlumatda münaqişənin həll edilməməsinin Cənubi Qafqazın iqtisadi inkişafına və bölgə ölkələrinin böyük Avropa ailəsinə inteqrasiyasına ciddi maneçilik törətdiyi qeyd olunub. Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə görə, Azərbaycan ərazisinin işğalı və Xocalı əhalisinə qarşı törədilən görünməmiş soyqırım cinayətkar hərəkətlərdir. Lakin beynəlxalq ictimaiyyətin laqeydliyi xalqlara münasibətdə ayrı-seçkiliyin olduğu anlamına gəlməklə yanaşı, bəşəri ideyaların ruhuna zidd olduğuna da dəlalət edir.

Məlumatda, habelə 21 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarına münasibətdə ədalətin təmin olunmaması da xüsusi qeyd edilib.

Sonda Azərbaycanın münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsi və beynəlxalq təşkilatları yaranmış vəziyyətə ciddi münasibət göstərməyə çağırışlar səsləndirməsi diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti