...

Elmar Məmmədyarov: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktivliyinin artırılması vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2013 18:57 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktivliyinin artırılması vacibdir

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana nəzərdə tutulmuş səfəri və ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğunu vurğulayıb və münaqişənin həlli üçün əsas məsələ olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Xarici işlər naziri Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirərək, ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd edib.

Ermənistan tərəfinin Xocalı aeroportunun işə salınacağı ilə bağlı bəyanatlarına toxunan Elmar Məmmədyarov bildirib ki, belə bir addım Çikaqo Konvensiyasının kobud surətdə pozulması demək olardı və bütün beynəlxalq qanunvericilik Azərbaycanın bu məsələdə mövqeyinin haqlı olduğunu əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti