...

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2013 23:16 (UTC +04:00)
Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Trend-in məlumatına görə, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyb.
Prezident İlham Əliyev: Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Trend-in məlumatına görə, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyb.

İlham Əliyev bildirib ki, Azərbaycan öz beynəlxalq mövqelərini bu ilin əvvəlində də möhkəmləndirə bilmişdir.

"Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir. Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcəkdir", deyə İlham Əliyev çıxışında qeyd edib.

Prezident münaqişə ilə bağlı daha sonra deyib:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə gün bundan əvvəl MDBMİ-nin forumunda mən Azərbaycanın rəsmi mövqeyini bir daha bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir.
Bununla bərabər, biz bundan sonra da öz gücümüzü - siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür - Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür", deyə dövlət başçısı bildirib.

Prezident əmindir ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcək.

"Bununla bərabər, bir daha demək istəyirəm ki, biz münaqişə dövründə çox fəal işləmişik. Biz münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilmişik. Biz bu dövrdə iqtisadi sahədə inqilabi islahatlar aparmışıq. Biz ölkəmizi möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan və Bakı dünya mərkəzlərindən biridir. Baxın, şəhərimizdə, ölkəmizdə nə qədər beynəlxalq tədbir keçirilir. Demək olar ki, hər ay, bəzi hallarda ayda bir neçə dəfə beynəlxalq forumlar, iqtisadi forumlar, mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlar. Yəni, Bakı, Azərbaycan bir daha demək istəyirəm ki, dünya mərkəzlərindən birinə çevrilibdir. Bakıda siyasi məsələlər, regional əhəmiyyətli məsələlər müzakirə edilir.
Bakıda keçirilən Davos Forumunun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı idi. Bu Forum məhz Bakıda keçirilibdir. Yəni, beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır" deyə İlham Əliyev çıxışında bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir.

"Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir.
Biz enerji diplomatiyası istiqamətində bir çox hallarda vacib qərarların təşəbbüskarıyıq. Bu sahədə gedən proseslər bizim qərarımızdan asılıdır. Bu da reallıqdır. İqtisadi əməkdaşlıq, nəqliyyat məsələlərinin həlli, Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin fəaliyyət göstərməsi ilə bağlı bizim sözümüz həlledicidir. Bu söz təşəbbüslərin irəli sürülməsidir və bu təşəbbüslərin həyata keçirilməsidir. Yəni, budur bugünkü Azərbaycan.
Ancaq bizim siyasətimiz, bir daha demək istəyirəm ki, xoşniyyətlidir. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır.
Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir. Təkcə son 10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir - həm siyasi, iqtisadi, həm energetika, mədəniyyət sahələrində. Ölkəmizin dünya mərkəzlərindən birinə çevrilməsi, beynəlxalq reytinq agentliklərinin qiymətləri, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz bu inkişafın göstəricisidir. Ona görə bir daha demək istəyirəm ki, xarici siyasətlə bağlı biz bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq.
Xarici siyasətlə bağlı bizim prinsipial mövqeyimiz bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Əsrlər boyu Azərbaycan başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Əsrlər boyu biz müstəqillikdən məhrum idik. Azərbaycanda gedən proseslər başqa mərkəzlərdən idarə edilirdi. 21 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bundan böyük xoşbəxtlik ola bilməz. Bundan böyük dəyər ola bilməz. Biz sözün əsl mənasında, müstəqil dövlətik. Müstəqilliyi qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu etmək üçün bizim güclü iqtisadiyyatımız olmalıdır", deyə dövlət başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti