...

Mübariz Əhmədoğlu: ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyinin institusionallaşmasına ciddi ehtiyac var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2013 12:25 (UTC +04:00)
Barak Obamanın ikinci dəfə dövlət başçısı seçilməsi və Con Kerrinin dövlət katibi təyin edilməsindən sonra ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin mövqeyində kardinal dəyişikliklər baş vermişdir.
Mübariz Əhmədoğlu: ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyinin institusionallaşmasına ciddi ehtiyac var

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Barak Obamanın ikinci dəfə prezident seçilməsi və Con Kerrinin dövlət katibi təyin edilməsindən sonra ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin mövqeyində kardinal dəyişikliklər baş vermişdir. ABŞ Prezidenti və ölkənin xarici siyasətinə məsul ən yüksək çinli şəxsin Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyi obyektivlik prizmasından heç bir şübhə yaratmır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, ABŞ Dövlət Departamentinin ənənəvi illik hesabatında separatçıların Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağı və Azərbaycanın digər yeddi rayonunu nəzarət altında saxlamaları ilə bağlı rəsmi mövqeyi buna sübutdur.

"ABŞ Dövlət Departamenti ənənəvi hesabatında Ramil Səfərovun ekstradisiyasına vaxtilə bildirdiyi münasibəti təkrarlaya bilərdi, lakin bu məsələsinin üstündən sükutla keçdi. ABŞ-ın Ermənistan üçün nəzərdə tutulmuş vəsaiti xeyli azaltması, Dağlıq Qarabağa ayrılan vəsaiti dayandırması təsadüfi hesab edilməməlidir", - Əhmədoğlu əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini obyektivləşməsində Prezident və dövlət katibi ilə yanaşı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın da rolunu görməmək günah olardı.

"Bütün aktiv rəsmi siyasi fəaliyyəti dövründə ermənipərəstliklə məşğul olmuş indiki dövlət katibi Con Kerrinin mövqeyinin formalaşmasında Riçard Morninqstarın böyük rolunun olduğunu ehtimal etmək olar. Bütün bunlara baxmayaraq, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində ümumi mövqeyi qüsurlu və ya ziddiyyətlidir. ABŞ-ın bəzi ştatlarının Dağlıq Qarabağın müstəqillik hüququnun tanınması istiqamətində fəaliyyətləri ABŞ-ın dövlət siyasəti ilə bir araya sığmır. ABŞ-ın dövlət siyasətinin formalaşmasında iştirak edən Konqresin bir qrup üzvünün uzun müddət ərzində Dağlıq Qarabağ məsələsində antiamerikan mövqe ortalığa qoyması, Konqresdə Dağlıq Qarabağın müstəqilliyinə dair tədbirlərin keçirilməsini ümumiyyətlə başa düşmək çətindir. ABŞ-ın ATƏT MQ-dəki nümayəndələri onun dövlət mövqeyinə demək olar ki, əməl etməmişlər. Eyni fikirləri ABŞ-ın Ermənistandakı indiki və keçmiş səfirlərinə də aid etmək olar. ABŞ Prezidenti və dövlət katibinin Dağlıq Qarabağ məsələsindəki mövqeyi ilə aşağıçinli ABŞ rəsmilərinin mövqeləri arasındakı fərq aşkar şəkildə görünür və ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini ziddiyyətli edən də məhz budur. ABŞ-ın rəhbərliyi ilə məmurları arasında Dağlıq Qarabağ məsələsinə görə ziddiyyətin aradan qaldırılmasını zəruri hesab edirik. Bunun üçün ABŞ rəsmiləri özləri müəyyən forma və ya məzmun axtarmalıdırlar. Bu institusionallaşma prosesinə Azərbaycan tərəfi təşəbbüskar rolunda dəstək verərsə, daha effektli nəticə almaq olar. Eləcə də Azərbaycan diplomatları ABŞ Dövlət Departamentinin ənənəvi illik hesabatının həm Ermənistan, həm də Azərbaycan bölməsində yerləşdirilmiş Dağlıq Qarabağ tənzimlənməsinə dair fikirləri müntəzəm sürətdə digər dövlətlərin xarici işlər nazirliklərinin və müvafiq strukturlarının diqqətinə çatdırılması ilə ardıcıl və müntəzəm məşğul olmalıdırlar", - politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti