...

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2014 09:28 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Kəngərli, Sarıcalı, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib, kəndin ərazisinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti