...

Deputat: İspaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2014 19:03 (UTC +04:00)
Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb.
Deputat: İspaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açan Z.Əsgərov deputatların NATO, AŞ PA kimi nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı çərçivəsində yaxşı əlaqələrimizin olduğunu qeyd edib. I vitse-spiker qonaqlara Azərbaycanın bölgədə həyata keçirdiyi qlobal neft-qaz layihələri barədə danışıb, Avropanın enerji təchizatında ölkəmizin oynadığı roldan bəhs edib.

Z.Əsgərov Azərbaycanla İspaniya arasındakı ticarət dövriyyəsinə dair faktları diqqətə çatdıraraq daha geniş sahədə əməkdaşlıq üçün imkanlarımız olduğunu bildirib. Bu baxımdan kənd təsərrüfatı, turizm və idman sahələri xüsusi vurğulanıb. İdman və turizmin inkişafı sahəsində Azərbaycandakı yeniliklər barədə qonaqlara məlumat verilib. O, İspaniya futbolunun səviyyəsini təqdir edərək bu sahədə əməkdaşlığın yaxşı nəticələr verəcəyini söyləyib.

Milli Məclis sədrinin birinci müavini parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, ölkələrimiz arasında daha sıx və çoxşaxəli əməkdaşlığın inkişafı üçün parlamentarilər hüquqi bazanı daha da genişləndirməlidirlər.

Sonra Z.Əsgərov Dağlıq Qarabağ problemindən ətraflı söhbət açıb. İspan deputatların nəzərinə çatdırılıb ki, Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrimizdə itkilərimiz var. Bədnam qonşularımız 1988-ci ildən bugünədək Azərbaycan ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə Xocalı qətliamını törədiblər. I vitse-spiker bildirib ki, Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi dəstəkləyir.

Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo qəbula görə təşəkkürünü bildirib. Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyini vurğulayıb. Hazırkı səfərdə məqsədin Azərbaycan reallıqlarını öz gözləri ilə görüb həqiqəti anlamaq olduğunu deyib.

Qonaq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar: "20 ildən çoxdur ki, Ermənistan BMT TŞ-nin müvafiq qətnamələrinə əməl etmir".

İnsan hüquqlarının qorunması vacibliyinə toxunan X.M.Çikiyo qeyd edib ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini itirməyib, eyni zamanda, psixoloji travma alıbdır: "Biz o travmanın aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni etməyə hazırıq".

İspan deputat onu da nəzərə çatdırıb ki, parlamentlərarası əlaqələrimizin möhkəmlənməsi İspaniyanın iri şirkətlərinin də Azərbaycana gəlişinə yol aça bilər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti