...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlər və "müstəqillik" bu istiqamətdə ilk addımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2014 12:33 (UTC +04:00)
Hər ilin fevral ayında ənənəvi olaraq Ermənistan mətbuatı Dağlıq Qarabağ münaqişəsinin başlanğıcına diqqət ayırır.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlər və "müstəqillik" bu istiqamətdə ilk addımdır

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.Mehdiyev/

Hər ilin fevral ayında ənənəvi olaraq Ermənistan mətbuatı Dağlıq Qarabağ münaqişəsinin başlanğıcına diqqət ayırır. Münaqişənin başlanğıcı, hazırlığı haqqında məlumatların yayılması ermənilərin Dağlıq Qarabağ münaqişəsi haqqında indiki konsepsiyalarının tam ziyanınadır. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi brifinqdə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, amma həmin proseslərdə iştirak edən adamlardan bir neçəsinin indi aktiv siyasətdə olması o dövrün yaddan çıxmasına imkan vermir: "Bu il ermənilər bir az da qabağa gedərək daha ciddi şəkildə etiraf etdilər ki, Dağlıq Qarabağ erməniləri Ermənistana birləşmək istəyirlər. Bu həqiqətən belədir. Ona görə bəri başdan deyək ki, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin "millətlərin öz müqəddəratını təyinetmə" prinsipi adlandırdığı, əsl adı "xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi" olan Helsinki Yekun Aktının 8-ci prinsipinin tətbiqinə heç bir ehtiyac yoxdur".

Politoloqun sözlərinə görə, DQMV-dəki ermənilər Ermənistandakı bəzi ermənilərin iştirakı ilə 1987-ci ilin iyununda Moskvaya, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə Ermənistana birləşmək mövzusunda müraciət etdilər, ardınca nümayəndə heyəti göndərdilər: "Addımları nəticəsiz qaldıqları üçün yeni imzatoplama kampaniyasına başladılar. Prosesləri intensivləşdirmək üçün Hadrud rayonu ərazisindəki Tarix-Diyarşünaslıq Muzeyində yığıncaqlar keçirdilər. İndi tanınmış siyasətçilər olan İqor Muradyan və Manvel Sərkisyan bir neçə nəfərlə birlikdə muzeyin direktoru A.Mkrtçyanın daimi qonağı olublar. M.Sərkisyan Ermənistan SSR Mədəniyyət Nazirliyinin əməkdaşı idi, arxitektor kimi, erməni muzeylərinə "baş çəkirdi". İ.Muradyan isə Ermənistan SSR Statistika Komitəsinin əməkdaşı kimi "Dağlıq Qarabağın iqtisadi göstəricilərini toplamaq" adı ilə tez-tez Dağlıq Qarabağa ezam olunurdu. Fevralın 12-də Hadrudda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi ilə bağlı ilk mitinq keçirildi. Fevralın 18-də Azərbaycan KP MK Xankəndidə Dağlıq Qarabağ Vilayət Partiya Komitəsində müzakirə keçirdi. Dağlıq Qarabağdakı ermənilər mühəndis M.Mirzoyanın simasında bu məsələdə Ermənistandan gələn saqqallıları günahlandırdılar. Az keçmiş həmin yığıncaqda ilk çıxış edən, erməni saqqallıların ünvanına lənət yağdıran M.Mirzoyan ikinci dəfə söz aldı əvvəlki dediyi fikirlərin əksinə çıxış etdi: Azərbaycanlılar Dağlıq Qarabağda erməniləri sıxışdırır, Heydər Əliyev Dağlıq Qarabağda texniki-peşə məktəbi açıb ki, Azərbaycanın digər rayonlarından da tərbiyəsiz azərbaycanlı gəncləri Dağlıq Qarabağa gələrək yaşasınlar və erməniləri incitsinlər".

M.Əhmədoğlu bildirib ki, fevralın 20-də DQMV Xalq Deputatları Soveti vilayətin Azərbaycan SSR-dən çıxıb Ermənistan SSR-yə qoşulması barədə qərar qəbul etdi: "Azərbaycanlılar bu qərara etiraz olaraq fevralın 21-də Əskəranda dinc aksiya başladılar. Qonşu Ağdam rayonun sakinləri onlara dəstək verdi. Ermənilər dinc nümayişə çıxmış 2 azərbaycanlını öldürməklə münaqişənin müasir mərhələsində ilk qanı tökdülər. Beləliklə 1987-ci ilin iyunundan başlanmış Dağlıq Qarabağ münaqişəsinin hazırlıq mərhələsi ermənilərin qan tökməsi ilə yekunlaşdı. Fransanın "Humanite" qəzetində SSRİ-nin o zamankı rəhbəri M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni A.Aqanbekyanın Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsini iqtisadi cəhətdən səmərəliliyini əsaslandırması ermənilərin Dağlıq Qarabağ münaqişəsinə hazırlığını bütün dünya erməniliyi səviyyəsində baş tutduğunu deməyə əsas verir.

İndi də ermənilər bildirirlər ki, Dağlıq Qarabağ müstəqil ola bilməz, o Ermənistanın tərkibinə birləşdirilməlidir, tökülən qan bu məqsəd üçündür.

Tarix-Diyarşünaslıq muzeyinin direktoru A.Mkrtçyan Ali Sovetin sədri seçildi. Sonradan səhvini başa düşdü. Barışıq niyyətilə Bakıya nümayəndə heyəti ilə gəlmək istəyirdi. R.Koçaryan-S.Sərkisyan cütlüyü əcaib ssenari ilə onun "özünü öldürməsini" təşkil etdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti