Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Macarıstan parlamentinin üzvü Tomaş Hegedüşün ölkənin böyük tirajlı həftəlik "Barikad" qəzetində Dağlıq Qarabağın azərbaycanlı əhalisinin üzləşdiyi soyqırım cinayətləri haqqında böyük məqaləsi dərc edilib.
Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, "Dağlıq Qarabağ Qafqazın qanı axan yarasıdır" adlı yazı ermənilərin Xocalıda törətdikləri dəhşətləri əks etdirən illüstrativ materiallarla müşayiət olunur.
Millət vəkili yazısında Xocalıda törədilən vəhşiliklər, bu soyqırıma gətirib çıxaran səbəblər və ermənilərin regionda yeni ərazi iddiaları barədə məlumatlarla çıxış edib, Xocalı soyqırımına hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb.