...

ABŞ-ın Arkanzas ştat Senatının binası qarşısında Azərbaycan bayrağı ucaldılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2014 09:58 (UTC +04:00)
Fevralın 25-də Arkanzas-Türk Dünyası dostluq günü çərçivəsində Arkanzas ştatı Kapitoliy binasının (Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının yerləşdiyi bina) qarşısında təntənəli şəkildə Azərbaycan və Türkiyə bayraqları ucaldılmışdır.
ABŞ-ın Arkanzas ştat Senatının binası qarşısında Azərbaycan bayrağı ucaldılıb (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Əhmədova/

Fevralın 25-də Arkanzas-Türk Dünyası dostluq günü çərçivəsində Arkanzas ştatı Kapitoliy binasının (Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının yerləşdiyi bina) qarşısında təntənəli şəkildə Azərbaycan və Türkiyə bayraqları ucaldılmışdır.

Trend-in Azərbaycanın Vaşinqtondakı səfirliyinə istinadən verdiyi məlumata görə, həmin gün ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində "Amerikalı və Avrasiyalıların Turkuaz Şurası" (Turquoise Council of Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı tərəfindən Arkanzas - Türk Dünyası dostluğuna həsr olunmuş ziyafət təşkil olunmuşdur.

Tədbirdə Arkanzas ştatının dövlət katibi Mark Martin, Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, Arkanzas ştatından digər rəsmilər iştirak etmişdir. Azərbaycan Respublikasını tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil etmişdir.

Tədbir zamanı çıxış edən M.Talıbov Azərbaycan ilə ABŞ arasında strateji xarakter daşıyan tərəfdaşlıq, regionun liderinə çevrilmiş Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsində önəmli rolu barədə, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə danışdı. Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, münaqişə barədə tədbir iştirakçılarını məlumatlandırdı. Bu kontekstdə o, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və ölkəmizin ABŞ-la strateji əməkdaşlığına davamlı dəstəyə çağıran qətnamənin qəbul edilməsinə görə Arkanzas Senatı üzvlərinə təşəkkürünü bildirdi.

Azərbaycan təmsilçisi xalqımızın 26 fevral tarixində erməni təcavüzkarları tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş qətliamın 22-ci ildönümünün qeyd etdiyini bildirərək Arkanzas şatının keçən il Xocalı qətliamını tanıyan ABŞ ştatlarına qoşulmasına görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi. O qeyd etdi ki, son zamanlar bir sıra ölkə və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınması ədalətin bərqərar olacağına ümid etməyə imkan verir.

26 fevral tarixində Azərbaycan nümayəndəsi Arkanzas ştatı dövlət katibi, Senat və Nümayəndələr palatasının üzvləri ilə görüşlər keçirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti