...

Vaşinqtonda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2014 10:24 (UTC +04:00)
Fevralın 27-də ABŞ Konqresinin binasında Azərbaycanın Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan) təşkilatçılığı ilə Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Vaşinqtonda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 fevral / Trend, müxbir S.Əhmədova/

Fevralın 27-də ABŞ Konqresinin binasında Azərbaycanın Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan) təşkilatçılığı ilə Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Trend-in Azərbaycanın Vaşinqtondakı səfirliyinə istinadən verdiyi məlumata görə, geniş marağa səbəb olmuş anım tədbirində çoxsaylı konqresmenlər, o cümlədən müxtəlif dövlət strukturlarının nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, Vaşinqtonda fəaliyyət göstərən analitik mərkəzlərin mütəxəssisləri iştirak etmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Elin Süleymanov Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat vermiş və Xocalıda baş vermiş dəhşətli qətliamın heç bir humanizm prinsipinə sığmadığını, insanlıq əleyhinə ən ağır cinayət olduğunu diqqətə çatdırmışdır.

Faciənin günahsız qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunu və bu kimi faciələrin yaşanmaması üçün tezliklə münaqişənin nizamlanmasının labüd olduğunu vurğulamışdır.

Daha sonra söz alan ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Pensilvaniya ştatını təmsil edən konqresmen Bil Şuster Azərbaycan xalqının kədərini bölüşdüyünü və bütün hallarda insanlıq əleyhinə cinayətlərin demokratik və humanist dəyərlərlə uzalaşmadığını qeyd etmişdir. Amerika xalqının Azərbaycan xalqının kədərini dərindən hiss etdiyini, oxşar faciə ilə 11 sentyabr 2001-ci ildə üzləşdiklərini əlavə etmişdir.

Florida ştatını təmsil edən xanım İlena Ros-Lehtinen 22 il əvvəl Xocalıda baş vermiş dəhşətli faciənin qurbanlarını dərin hüzün hissi ilə andığını və faciədə yaxınlarını itirmiş ailələrin yanında olduğunu bildirmişdir. Xanım Ros-Lehtinen faciəni törədənləri kəskin qınadığını əlavə etmişdir.

Azərbaycanın ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan Ros-Lehtinen artıq özünü etibarlı müttəfiq kimi təsdiq etmiş Azərbaycanın dəstəklənməsinin zəruriliyindən danışmışdır. İ.Ros-Lehtinen Azərbaycanın İsraillə əməkdaşlığını xüsusi qeyd etmiş və kifayət qədər həssas qonşuluq şəraitində Azərbaycanın münasibətlərin dərinləşməsi istiqamətində atdığı addımların dəyərləndirilməsinin önəmli olduğunu diqqətə çatdırmışdır.

ABŞ-ın Texas ştatını təmsil edən konqresmen Ted Po Xocalı faciəsinin əks-sədasının zamandan asılı olmayaraq yayılmasının və xatırlanmasının bu kimi gələcək qətliamların qarşısının alınmasında birgə səylərin gücləndirilməsini şərtləndirdiyini bildirmişdir. Azərbaycan rəhbərliyinin xalqının mənafeyinə uyğun qərarlar qəbul etdiyini bildirən T.Po bu yanaşmanın digər dövlətlər üçün də nümunə olduğunu qeyd etmişdir.

Nyu Meksiko ştatının təmsilçisi xanım Mişel Qrişman 1992-ci ilin 26 fevralında 600-dən çox günahsız insanın ağlasığmaz amansızlıqla qətlə yetirilməsinin çox kədərli olduğunu bildirmiş və faciə qurbanlarını xüsusi ehtiramla andığını vurğulamışdır.

Nyu York ştatından olan xanım İvet Klark Azərbaycanın öz tarixini təbliğ etməsinə, həqiqətləri çatdırmasına ehtiyac olduğunu bildirmiş, qətlə yetirilmiş insanların yaşamaq haqqının əlindən alınmasının ən böyük haqsızlıq və ədalətsizlik olduğunu vurğulamışdır.

Azərbaycanda səfərdə olduğunu və inkişaf etməkdə olan demokratik cəmiyyətdə demokratik dəyərlərin kök saldığını və bu səylərin alqışlanmalı və dəstəklənməli olduğunu qeyd etmişdir.

Texas ştatını təmsil edən daha bir konqresmen Henri Kuellar Azərbaycan hökumətinə müxtəlif sahələrdə əməkdaşlığa və ortaq baxışa görə təşəkkürünü bildirmiş və ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etmişdir.

Texas ştatından seçilmiş Cin Qrin xüsusilə ABŞ-Azərbaycan-İsrail əlaqələrinin müsbət istiqamətdə inkişafının yeni perspektivlər vəd etdiyini bildirmişdir.

Oklahoma ştatından olan konqresmen Cim Bradenstayn ştatla Azərbaycan arasında hərbi tərəfdaşlıq proqramı çərçivəsində nümunəvi əlaqələrin digər sahələrə də nüfuz etdiyini bildirərək, Azərbaycanın strateji önəmindən bəhs etmiş, bu xüsusda Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təminində oynadığı həlledici roldan bəhs etmişdir.

Tədbirdə həmçinin Texas ştatından Pete Olson, Şeyla Cekson Li, Al Qrin, Ralf Hol, Pete Qaleqo, Ohayo ştatından Mayk Törner, Pensilvaniya ştatından Mayk Doyl, Çarli Dent, Virciniya ştatından Cim Moran, Nyu Cersi ştatından Donald Payn ümumilikdə isə 25-dən çox konqresmen iştirak etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş fotosərgi ilə tanış olmuş, "Xocalıya ədalət!" kampaniyası barəsində məlumatlandırılmış və bu kampaniyaya qoşulmağa təşviq edilmişlər.

Sonda tanınmış kamança ifaçısı, məşhur San Fransisko Dünya Musiqi Festivalının prodüseri və Qlobal Musiqi bölməsinin direktoru İmamyar Həsənovun ifasında dahi bəstəkarımız Fikrət Əmirovun müəllifi olduğu "Kor ərəbin mahnısı" əsəri səsləndirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti