...

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyişin vaxtı çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2014 03:26 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edib.
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyişin vaxtı çatıb

Azərbaycan, Bakı, 8 may /Trend/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edib. O, "Twitter" səhifəsində əvvəllər qeyd edib ki, məruzənin müddəaları onun şəxsi nöqteyi-nəzərini yox, ABŞ-ın siyasi xəttini əks etdirir.

Uorlik çıxışında bildirib ki, tərəflər o nöqtəyə gəliblər ki, indi onların mövqeyi gələcək fəaliyyət barəsində bir-birindən uzaq deyil.

Məruzəyə əsasən, bir çox razılaşmalar hələ 2011-ci ildə əldə olunub, buna görə də tərəflər növbəti uğursuz cəhdlərdən sonra danışıqlar masası arxasına qayıdıblar və onların əvvəlkinə bənzər "yeni təkliflər" tezisləri var: "Danışıqlar masasında artıq prinsiplər toplusu, razılaşmalar və sənədlər var və heç kim onlardan imtina etmək təklifini vermir. Bu gün məsələ ondan ibarətdir ki, tərəflərə və onların layiqli xalqlarına sonuncu cəsarətli addım atmaq üçün üsul tapmaqda kömək etmək, qalan fikirayrılıqlarını aradan qaldırmaq, sülh və stabillik gətirmək lazımdır. Bütün tərəflərin qalib vəziyyətində olmasına inanması istənilən danışıqlarda uğur üçün əsasdır. Tərəflər ermənilər və azərbaycanlılar olduqda isə, heç bir şübhə yoxdur ki, bütün bölgədə sülh sazişi çiçəklənmə üçün yeni dövr açacaq".

Uorlik bildirib ki, sülh sazişi bütün regionda təhlükəni azaldacaq, Azərbaycana məcburi köçkünlərin problemini həll etmək imkanını verəcək, regional ticarətin mərkəzi kimi iqtisadi inkişaf üçün əlavə imkanlar yaradacaq. Ermənistan və daha artıq dərəcədə, Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq təcriddən çıxa biləcəklər. Təmas xəttində insanlar həlak olmayacaqlar: "Gələn həftə atəşkəsin əldə olunmasının 20 ili tamam olacaq. Əlbəttə, biz fəxr edə bilərik ki, açıq hərbi əməliyyatların bərpasından qaça bilirik, lakin etiraf etmək lazımdır ki, yaranmış mövcud vəziyyət qəbuledilməz və qeyri-sabitdir".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə səfərləri, insanların gündəlik qorxu altında yaşaması haqqında danışıb.

Uorlik hesab edir ki, kənar müşahidəçilər tərəfindən hər hansı addımlar atılsa da, son qərar Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür. O, qeyd edib ki, ötən ilin noyabrında iki il yarım ərzində İlham Əliyev və Serj Sarkisyanın ilk görüşü keçirilib: "Biz onların dialoq və bəyanatlarla çıxış yolu tapmağa hazır olmasından ruhlanmışıq".

Uorlik bildirib ki, həmin görüşdən sonra canlı dialoqu dəstəkləmək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir sıra görüşləri keçirilib.

Həmsədr xatırladıb ki, sülh sazişinin əsasında Helsinki Yekun Aktının prinsipləri dayanıb, onlar arasında - güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququ var: "Bu prinsiplər ümumilikdə nəzərə alınmalıdır. Seçimlə edilən cəhd bu məsələyə balanslaşdırılmış həlli mümkünsüz edəcək".

Amerikalı həmsədrin fikrincə, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır:

1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.

2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.

3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.

4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.

5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.

6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.

Uorlik qeyd edib ki, uzunmüddətli sülh kağız üzərində əldə olunmamalıdır, etimada əsaslanmalıdır.

Həmsədr əmindir ki, danışıqlar prosesində bu günədək əldə olunanlar əsas gətirilərək irəliləyiş üçün vaxt gəlib çatıb. O, bir daha qeyd edib ki, Minsk qrupunun həmsədrləri tərəflərə kömək etmək arzusu ilə sülh əldə etməkdə həmfikirdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti