...

Küveyt azərbaycanlı məcburi köçkünlərin tezliklə doğma ocaqlarına qayıtmasında maraqlıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2014 16:25 (UTC +04:00)
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Küveyt Dövlətinin vəqflər və İslam işləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı "Asiya Müsəlmanları Komitəsi" Direktorlar Şurasının sədri Adel Abdullah əl-Fəlahini qəbul edib.
Küveyt azərbaycanlı məcburi köçkünlərin tezliklə doğma ocaqlarına qayıtmasında maraqlıdır

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Küveyt Dövlətinin vəqflər və İslam işləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı "Asiya Müsəlmanları Komitəsi" Direktorlar Şurasının sədri Adel Abdullah əl-Fəlahini qəbul edib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə əsasən qonağın təmsil etdiyi təşkilatın Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi zamanı cənab A.Abdullah əl-Fəlahi ilə əvvəlki görüşlərini, həmçinin onun rəhbərliyi altında həyata keçirilən humanitar laiyhələrə və xeyriyyəçilik tədbirlərinə görə dövlətimizin başçısı tərəfindən hələ 2010-cu ildə "Dostluq" ordeni ilə təltif olunmasını minnətdarlıqla xatırladan Baş nazirin müavini Ə.Həsənov bütün bunları ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olması, həmçinin qonağın xoşməramlı fəaliyyəti ilə əlaqələndirib.

Bu gün Azərbaycan xalqı üçün müqəddəs olan bir məkanın - Azərbaycanın incisi, Şərqin konservatoriyası, dünya musiqi mədəniyyətinə görkəmli korifeylər bəxş edən Şuşanın işğal günü olduğunu təəssüflə vurğulayan Ə.Həsənov qeyd edib ki, Ermənistanın havadarlarının köməyi və tövsiyəsi ilə sərgilədiyi qeyri-konstruktiv mövqe, 20 ildən çoxdur ki, münaqişənin həllində vasitəçilik missiyası ilə məşğul olan ATƏT-in Minsk qrupunun konkret bir nəticəyə nail olmaması, dünyada baş alıb gedən ədalətsizlik, aparıcı dövlətlərin daha çox regiondakı maraqlarını qorumaları nəticəsində münaqişə bu gün də həll olunmamış qalmaqdadır.

Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildiyini, ölkəmizin gündən-günə inkişaf etdiyini, Azərbaycan Prezidentinin bütün sahələrdə müstəqil siyasət yeritdiyini bildirən Ə.Həsənov onu da xüsusi vurğulayıb ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, biz bir qarış da olsun, torpaqlarımızı güzəştə getməyəcəyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən daha çox doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın əziyyət çəkdiyini, ancaq Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün sosial-texniki infrastrukturu ilə birlikdə 82 müasir qəsəbə salındığını, 180 mindən çox qaçqın və məcburi köçkünün bu qəsəbələrə köçürüldüyünü bildirən Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı "Asiya Müsəlmanları Komitəsi"nin Azərbycandakı nümayəndəliyinin uzun müddətli fəaliyyətini də müsbət qiymətləndirib, bu sahədə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Səmimi qəbula, ətraflı məlumata və təmsil etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən A.Abdullah əl-Fəlahi, öz növbəsində, Azərbaycanın inkişafından qürur duyduğunu, Küveytin problemin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasında maraqlı olduğunu, ölkəsinin hər bir sahədə daim Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.

Sonda qonağa "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti