...

Referendumdan referenduma fərq var və ya erməni təbliğatının növbəti mifi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2014 15:14 (UTC +04:00)
Dünyada ayrılma üzrə növbəti leqal referendum keçirildi. Hərçənd Şotlandiya yekunda Böyük Britaniyadan ayrılmaqdan və müstəqillikdən imtina etsə də, referendumun keçirilməsi ilə bağlı ciddi oyunlar oynanıldı.
Referendumdan referenduma fərq var və ya erməni təbliğatının növbəti mifi

Trend-in icmalçısı Elmira Tariverdiyeva

Dünyada ayrılma üzrə növbəti leqal referendum keçirildi. Hərçənd Şotlandiya yekunda Böyük Britaniyadan ayrılmaqdan və müstəqillikdən imtina etsə də, referendumun keçirilməsi ilə bağlı ciddi oyunlar oynanıldı.

Bir çox tanınmamış separatçı regionlar özündən bəhs etmək və mifik hüquqları haqqında bəyan etmək üçün bundan istifadə etmək qərarına gəldilər. Erməni ekspertlər və politoloqlar, həmçinin Ermənistanın rəsmi şəxsləri də istisna təşkil etmədilər. Onlar dünyada Dağlıq Qarabağ haqqında referendum yolu ilə leqal ayrılmış region təsəvvürü yaratmağa çalışdılar. Beynəlxalq hüquq haqqında məlumatsız olan Qərb jurnalistləri, bəzən isə Rusiya nəşrləri dərhal Ermənistan tərəfinin növbəti yalanını tutdular. Amma, gəlin, hər şeyi öz adı ilə çağıraq.

Bu məsələdə erməni ekspertlərin apardığı bənzətmə işğal edilmiş Azərbaycan regionunun və dünyanın heç bir ölkəsinin tanımadığı separatçı hakimiyyətin əlacsız vəziyyətinin nəticəsidir.

Əslində Şotlandiyada referendum bütün hüquqi əsasları olan klassik öz müqəddəratını təyin etməkdir və onu Dağlıq Qarabağın reallıqları ilə müqayisə etmək düzgün deyil və bu, Edinburq üçün təhqiredicidir. Belə öz müqəddəratını təyin etmənin əsas məqamı referendum keçirilməsinin Londonla razılaşdırılmasıdır. Başqa sözlə, referendum Böyük Britaniyanın mərkəzi hökumətinin razılığı ilə keçirildi və məhz buna görə də beynəlxalq hüquq baxımından tamimilə qanunidir. Ermənistan hakimiyyətinin yorulmadan danışdığı Dağlıq Qarabağda "referendum" məsələsinin isə başqa tarixi var. Ermənistan hazırda nədənsə həqiqəti söyləmir.

Birincisi, mərkəz tərəfindən ayrılmanın legitimliyi haqqında danışsaq, o zaman rəsmi Bakı Azərbaycan dövlətinin bu və ya digər regionunda ayrılma məqsədilə referendumun keçirilməsinə formal və ya qeyri-formal razılığını verməyib. Əsas odur ki, Azərbaycan Konstitusiyasında səsvermə yolu ilə ərazisinin bu və ya digər hissəsinin ayrılma imkanı ümumiyyətlə nəzərdə tutulmayıb. Buna görə də 1991-ci ildə Dağlıq Qarabağda keçirilmiş "referendum"un hüquqi əsası olmayıb.

İkinci mühüm məqam odur ki, beynəlxalq ictimaiyyət nə 1991-ci il "referendum"unu, nə də 2006-cı ildə separatçı regionun "konstitusiya"sının qəbul edilməsi üzrə keçirilmiş "referendum"u tanıyıb. Bundan başqa, Şotlandiyadakı vəziyyətlə Dağlıq Qarabağdakı vəziyyət arasındakı əhəmiyyətli fərq Ermənistan-Azərbaycan münaqişəsinin "xalqların öz müqəddəratını təyin etmək" anlayışı ilə heç cür əlaqəsinin olmamasıdır, çünki sadəcə olaraq "Qarabağ xalqı" deyilən bir anlayış yoxdur, halbuki şotlandlar ayrıca millətdir.

Üçüncüsü, "referendum" Dağlıq Qarabağ əhalisi tərəfindən deyil, Azərbaycan torpaqlarının titullu millətinin nümayəndələrinin - azərbaycanlıların qovulmasından sonra Azərbaycanın bu ərazisində yaşayan ermənilər tərəfindən keçirilib. Bundan sonra Dağlıq Qarabağın "öz müqəddəratını təyin etməsi" haqqında danışmaq mənasızdır. "Öz müqəddəratını təyin etmək" və özgə torpaqların işğalı" anlayışlarını dəyişmək yersizdir və beynəlxalq hüquq üçün təhqiredicidir.

Dünya ictimaiyyətinin anlayışında Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsidir. Məhz buna görə də separatçı Dağlıq Qarabağın nümayəndələri münaqişənin danışıqlar masası ətrafında nizamlanmasının əleyhinədirlər.

Dövlətlərarası münaqişələrdə ərazi bütövlüyü prioritetdir. Heç kəs Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmır. Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün ölkələrin hökumətləri bunu tanıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti