...

Mübariz Əhmədoğlu: Namərdlik yığnağı Sarkisyan azərbaycanlıları təhsil almağa dəvətdən əvvəl Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin təmaslarına qadağasını aradan götürsün

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2014 10:49 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan azərbaycanlıların Dilicandakı ingilisdilli beynəlxalq məktəbdə təhsil almasını arzulayır.
Mübariz Əhmədoğlu: Namərdlik yığnağı Sarkisyan azərbaycanlıları təhsil almağa dəvətdən əvvəl Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin təmaslarına  qadağasını aradan götürsün

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan azərbaycanlıların Dilicandakı ingilisdilli beynəlxalq məktəbdə təhsil almasını arzulayır. Avrasiya İqtisadi Birliyinə üzv olarkən Ermənistanın bu qurum qarşısında götürdüyü öhdəliklərə şərəflə əməl edəcəyini bildirən S.Sarkisyan Ermənistanın sərhədlərinin mühafizəsində də Avrasiya İqtisadi İttifaqı üzv dövlətlərinin köməyinə ehtiyacının olduğunu bildirdi. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, aydındır ki, S.Sarkisyan Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması strategiyasını qəbul edib. Aİİ-nin müqaviləsində mal, xidmət, kapital, işçi qüvvəsinin dövriyyəsində gömrük məkanının coğrafiyası vacib şərtdir: "Bu o deməkdir ki, Ermənistan beynəlxalq aləmdə tanınmış sərhədlərindən kənara çıxaracağı mal, xidmət, kapital və işçi qüvvəsini Avrasiya İqtisadi Komissiyası ilə razılaşdırılmalıdır. Ermənistanın İrana, Gürcüstana, Türkiyəyə bunları ixrac edəcəyi bizim üçün maraqlı deyil. Mal, xidmət, kapital və işçi qüvvəsinin Ermənistandan Dağlıq Qarabağa getməsinə Rusiya, Belarus və Qazaxıstanın icazə verməsi qeyri-mümkündür. Hər üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, Dağlıq Qarabağı de-yure Azərbaycanın tərkib hissəsi hesab edirlər. Dağlıq Qarabağa gedən yol isə Azərbaycanın Dağlıq Qarabağa heç zaman aidiyyəti olmayan işğal olunmuş digər ərazilərindən keçir. KTMT-nin baş katibi N.Bordyujanın Ermənistana son səfəri zamanı sərhəd təhlükəsizliyi məsələləri müzakirə edildi. Rusiya indi Ermənistanın İran və Türkiyə ilə olan sərhədini mühafizə edir. Eləcə də RF Ermənistanın Azərbaycanla və Gürcüstanla sərhədinə nəzarət etmək fikrindədir".

M.Əhmədoğlu deyib ki, S.Sarkisyan Belarusda MDB-nin sammiti zamanı çıxışında buna Azərbaycan və Gürcüstanla sərhədinin Rusiya tərəfindən mühafizə olunmasına razılığını bildirdi: "Ona görə S.Sarkisyanın Dilicanda azərbaycanlıların təhsil alması ilə bağlı bəyanatını Azərbaycana doğru barış mesajı kimi dəyərləndirə bilərik. Amma S.Sarkisyan özünü bic hesab edir və bunu ikimənalı məzmunda təqdim etdi.

Serj Sarkisyan şəxsi keyfiyyətlərinə görə inam yaradan adam deyil. Ermənistan prezidenti S.Sarkisyan namərdlik toplumudur. Nəslinin və özünün şəxsi tərcümeyi-halı və siyasi fəaliyyəti bunu deməyə tam əsas verir. S.Sarkisyanın iki doğum yeri var. Ermənistan SSR-nin Gorus rayonu və Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayəti. Hər ikisi yaxın keçmişə qədər Azərbaycan torpağı olub. Dağlıq Qarabağa bələd olanlar, o cümlədən indi yaşayan bəzi yaşlı azərbaycanlı və ermənilər Gorusda yaşayan bəzi azərbaycanlılar üçün Xankəndinin aran ərazisi olduğu sirr deyil. S.Sarkisyanın babası və atası Gorusla Xankəndi arasında aran- qışlaq həyatı keçirən imkanlı azərbaycanlı ailəsinin nökəri olublar. Gorusda həmin imkanlı azərbaycanlı repressiyaya məruz qalanda o azərbaycanlının nökəri S.Sarkisyanın babası Xankəndinə ("Stepanakert") köçüb. O cümlədən S.Sarkisyanın atası və anası da. Sarkisyanlar nəsli azərbaycanlı ağalarına namərdlik göstərdilər, xəyanət etdilər. Serj Sarkisyan bilir ki, məhz bu hesabdan da o, Allah qarşısında cəza almalıdır".

Politoloq qeyd edib ki, Serj Sarkisyanın siyasi karyerası da azərbaycanlılarla əlaqəlidir. O, həmin azərbaycanlıları da aldatdı, onlara qarşı namərdlik etdi:

"R.Koçaryan Dağlıq Qarabağda separatçı hərəkat başlayandan S.Sarkisyanı yanında gəzdirib. Bütün bu dövrlərdə S.Sarkisyan R.Koçaryanın ailəsinin sədaqətli təçhizatçısı və mühafizəçisi funksiyasını icra edib. Məhz bu keyfiyyətinə görə də R.Koçaryan özündən sonra S.Sarkisyanın Ermənistanda prezident seçilməsinə şərait yaratdı. 1 mart qırğınını da R.Koçaryan məhz S.Sərkisyana görə törətdi. S.Sarkisyan R.Koçaryana da xəyanət etdi.

Serj Sarkisyanın Rusiyaya münasibəti başdan ayağa namərdlik və ya xəyanət yığınağıdır. Məhz namərdlik və xəyanət etmək xarakterinə görə, Qərbdə S.Sarkisyanı II Ənvər Sadat hesab edirlər. Onların fikrincə, S.Sarkisyan Ermənistanı Rusiyanın təsir zonasından uzaqlaşdıra biləcək yeganə şəxsdir".

M.Əhmədoğlu bildirib ki, S.Sarkisyan erməni xalqına xoş münasibət bəsləyirsə, real vəziyyəti açıqlamalıdır: "Həmişə məntiqsizliyi ilə seçilən Serj Sarkisyan dəfələrlə normal ağılla dərk olunmayan bəyanatlar verib. Avropada sərbəst yerdəyişməni prioritet hesab edən S.Sarkisyan erməni işğalı altındakı doğma rayonlarına gedən üç azərbaycanlının birini öldürtdürdü, ikisini həbs edib. Qaçqınların hüquqlarının bərpasından danışan S.Sarkisyan Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların və Azərbaycanı tərk etmiş ermənilərin vəziyyətini müzakirə etməyə imkan vermir. Onun bu bəyanatı BMT-də və Aİ-də qaçqınlarla məşğul olan strukturlarda rezon yaratdı. Hər ikisi Ermənistana nümayəndə heyəti göndərdi. S.Sarkisyan onların hər ikisini "neytrallaşdırdı". Serj Sarkisyan Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşü qadağan edib. Bu qadağadan Ermənistanda hamının xəbəri var. Almaniya bir neçə dəfə Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları arasında dialoq qurmağa cəhdlər edib. Serj Sarkisyan qadağasını götürməyib. Aİ-nin də bu yöndəki cəhdləri məhz Serj Sarkisyanın hesabına nəticəsiz qalıb.

Dağlıq Qarabağ erməniləri və Dağlıq Qarabağ azərbaycanlıları arasında dialoqu qadağan edən S.Sarkisyanın azərbaycanlıları Dilicanda təhsil almağa çağırması gülməlidir və yalnız təlxəklər bu işlə məşğul ola bilərlər. Görünür, S.Sarkisyan beynəlxalq Dilican ingilisdilli məktəbinin açılışında iştirak edən xarici qonaqların qarşısında bu təklifi irəli sürməklə dünya təlxəkliyi roluna iddialı olduğunu nümayiş etdirmək istəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti