...

Mübariz Əhmədoğlu: Ermənistan danışıqlar vasitəsilə Dağlıq Qarabağ tənzimlənməsinə hazır olmadığını nümayiş etdirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2014 14:49 (UTC +04:00)
Ermənistan danışıqlar vasitəsilə Dağlıq Qarabağ tənzimlənməsinə hazır olmadığını nümayiş etdirdi. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənistan danışıqlar vasitəsilə Dağlıq Qarabağ tənzimlənməsinə hazır olmadığını nümayiş etdirdi

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistan danışıqlar vasitəsilə Dağlıq Qarabağ tənzimlənməsinə hazır olmadığını nümayiş etdirdi. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatın"da deyib.

Politoloq xatırladıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Fransa prezidenti Ollandın təşəbbüsü ilə prezidentlərin Paris görüşü ərəfəsində regiona son səfəri baş tutdu:

"Bu səfər ilk növbədə Ermənistanın "ev hazırlığı" ilə xarakterizə olunur. Ermənilərin "ev hazırlığı" üç istiqamətdə "arqumentləşdirmə" üzərində qurulmuşdu. Bunlardan birincisi guya qoşunların təmas xəttində atəşkəs hallarının pozulmasının artmasıdır. Guya bununla Azərbaycan prezidentlərin görüşünü pozmaq istəyir. Kökündən səhv arqumentdir. Ermənistanın Müdafiə Nazirliyi mütəmadi həftə ərzində atəşkəs rejiminin pozulmasının statistikası barədə məlumat açıqlayırlar. Bu statistikada heç bir sıçrayış yoxdur. Həmsədrlərin regionda olduğu həftə ərzində yaydıqları rəqəmi isə saxtalaşdırdılar: Ənənəvi şənbə günü yayılan məlumatda atəşkəs rejiminin pozulmasının sayı 230 göstərilmişdi. 2 gün sonra, növbəti həftənin birinci günü ənənəni pozub yenidən məlumat yaydılar. Say bu dəfə 400 göstərildi. Azərbaycan tərəfi də atəşkəs rejiminin pozulmasının statistikasını aparır. Rəqəmlərdə yalnız azalma müşahidə olunur. Ermənistan rəsmiləri, o cümlədən Müdafiə Nazirliyinin rəsmiləri Soçi görüşündən sonra gərginliyin azaldığını dəfələrlə bildiriblər. Eləcə də vasitəçilər son səfərləri zamanı Ermənistan-Azərbaycan sərhədini keçərkən hər iki tərəfdən rəsmilər və hərbçilərlə təmasda olub. Hətta Ermənistan tərəfdə mülki əhali ilə də görüşüblər. Mülki əhali gərginliyin azaldığını bildirib. Rəsmi Yerevan atəşkəs rejiminin pozulmasının intensivləşdiyi "arqumentini düzəldərkən" görünür, vasitəçilərin Ermənistanda sərhədboyu yerli əhali ilə görüşəcəyini nəzərə almamışdı. Ona görə yerli əhali prezident S.Sərkisyanla Xİ naziri E.Nalbandyanın planını pozurlar".

Politoloq hesab edir ki, "Ev hazırlığının" ikinci "arqumentləşdirməsi" vasitəçilərin gətirdiyi təkliflərlə bağlıdır:

"Həmsədrlərlə görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu bəyan etdi. Ekspertlər səviyyəsində işin başlanacağını bildirdi. Hətta snayperlərin geri çəkilməsi məsələsinin də nəzərdə tutulduğunu bildirdi. Ermənistan xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri T.Balayan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamasını dərhal təkzib etdi: Bu E.Məmmədyarovun fantaziyasıdır, qeyri-realdır. Sonradan həmsədrləri qəbul edərkən E.Nalbandyanın bu fikirləri təkrarlaması göstərdi ki, T.Balayanın "Twitter"də yazdığı onun vətəndaş mövqeyi deyilmiş, Ermənistan xarici işlər nazirliyinin rəsmi mövqeyi imiş. Ermənistan faktiki olaraq Böyük Sülh Sazişinin hazırlanmasının əleyhinədir. Dağlıq Qarabağ münaqişəsi 27-ci ilini yaşayır. Bu dövr ərzində tənzimləmədə ən ciddi sənəd 2009-cu ildə imzalanıb: ATƏT MQ həmsədr ölkə prezidentləri İtaliyanın Akvil şəhərində "Madrid prinsiplərinin yenilənmiş variantını" imzaladılar. Yenilənmiş Madrid Prinsiplərinin içində digər məsələrlə yanaşı Helsinki Yekun Aktının Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulmuş üç prinsipi təsbit olunub. Həm də Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulub. Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qayıdırsa, deməli həmin ərazilərdəki işğalçı erməni qoşunları oranı tərk etməlidir. Beləliklə, erməni snayperləri də həmin əraziləri tərk edəcəklər. Azərbaycan snayperlərinə də ehtiyac qalmayacaq. "Madrid prinsiplərinin yenilənmiş variantı"nın məntiqi budur. Ona görə "Madrid prinsiplərinin yenilənmiş variantı" əsasında Böyük Sülh Sazişini imzalamaqla həm snayperlərin geri çəkilməsinə nail olmaq olur, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimləmə prinsipləri bir daha təsdiqlənir".

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın Böyük Sülh Sazişinin hazırlanmasına belə münasibəti onun dinc yolla münaqişəni tənzimləməyə hazır olmadığının sübutudur:

"Ermənistan prezidenti S.Sərkisyan da həmsədrləri qəbul edərkən E.Nalbandyanın arqumentlərini təkrarladı. Bununla da S.Sərksiyan da bir daha təsdiq etdi ki, Ermənistanın mövqeyi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ayrı-ayrı müstəvilərdədir. Üçüncü arqumentləşdirmə- Ermənilər Dağlıq Qarabağda "Azərbaycanlı diversantlar" üzərində məhkəmə iclasını prezidentlərin Parisdəki görüş gününə təyin etdilər. Erməni işğalı altındakı doğma yurdlarına getmiş iki sadə, mülki azərbaycanlını "diversant" adlandıraraq üzərində məhkəmə prosesi qurublar. Ermənistan "Avropa məkanında sərbəst yerdəyişmə hüququnun prioritetliyinə" belə "əməl edir". Ermənistanın məqsədi burada tam aydındır: Prezidentlərin Paris görüşündə danışıqları birbaşa mahiyyətindən kənarlaşdırmaq, başqa istiqamətə yönəltmək. Əgər məhkəmə prosesi dayandırılacaqsa və ya iki "diversant azərbaycanlının"azad edilməsi razılığı alınacaqsa, Fransa prezidenti tənzimlənmə prosesinə töhvə verən "qalib" elan ediləcək. Bununla da Ermənistanın "Böyük Sülh Sazişinin"müzakirəsi üzrə danışıqları arxa plana keçirmək planına şərait yaradılacaq".

Politoloq əlavə edib ki, ATƏT MQ həmsədrlərinin regionun son səfərində bəzi dəyişikliklər diqqəti çəkir: I. Rusiyalı həmsədr zorən həmsədrlər içərisində əsas danışıqçı rolunu yerinə yetirdi. Uorlik yox idi, Fransalı həmsədr P.Andrie hələ təcrübəsizdir. II. İlk dəfə idi ki, həmsədrlər rəsmi bəyanatlarında Ermənistanı açıq mətnlə təkzib etdilər. Ermənistan prezidenti və xarici işlər naziri vasitəçiləri prezidentlərin növbəti görüşü ərəfəsində Azərbaycanın atəşkəs rejimininin pozulmasının intensivliyinin artmasına inandırmağa çalışsalar da həmsədrlər rəsmi bəyanatlarında bildirdilər ki, həm qoşunların təmas xəttində, həm də Ermənistan-Azərbaycan sərhədində sabitliyə riayət olunub. ATƏT MQ əgər ermənilərin mövqelərinə əvvəllər də belə reaksiya versəydilər Dağlıq Qarabağ münaqişəsi çoxdan tənzimlənərdi. Ermənistan rəhbərliyinin Fransada prezidentlərin görüşü ərəfəsindəki davranışı iki nəticəni ortalığa qoyur. Birincisi, Fransada Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü dinc tənzimləmə üçün töhvə verməsi çox böyük şübhə altındadır. Real nəticənin alınması üçün həmsədrlər bu qısa müddət ərzində çox işləməlidirlər. Hətta əgər imkanları varsa, qalan vaxt ərzində Ermənistan rəhbərliyinin xüsusi ilə prezident və xarici işlər nazirliyini tərbiyələndirsinlər. Rəsmi Yerevanın vasitəçilərə, o cümlədən beynəlxalq ictimaiyyətə qarşı münasibəti sadəcə tərbiyəsizlikdir. Eləcə də qısa müddət ərzində həmsədrlər Ermənistan rəhbərliyini savadlandıra bilsələr bu, da çox faydalıdır. Ermənistan rəhbərliyi heç öz xalqına "Dağlıq Qarabağ xalqın"ın mövcudluğunu, etnogenezini izah etməyib. Etnologiya, konfliktologiya, politologiyada və real həyatda "Dağlıq Qarabağ xalqı" adlı etnos, xalq və millət yoxdur. Digər savadsızlıqlarının da aradan qaldırılması da zəruridir".

M.Əhmədoğlu qeyd edib ki, ikinci mühüm nəticə isə "yalnız dinc yol" termininin Ermənistanın əlində tənzimləməni əngəlləyən əyləcə çevrilməsinin qarşısının alınmasıdır:

"Ermənilərin qoyduğu əyləcləri aradan qaldırması üçün ATƏT MQ vasitəçilərin üç yolu vardır. Birinci yol BMT-ə müraciətdir. İkinci yol V.Putindən xahiş etməkdir. Üçüncü yol isə Azərbaycanın Dağlıq Qarabağı və digər işğal olunmuş ərazilərini hərbi əməliyyatlar vasitəsilə azad etmək hüququnu rəsmən bəyan etməlidirlər. Vasitəçilər 12 may 2014-cü il bəyanatında Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırıb. Bu Azərbaycanın hərbi əməliyyatlarına yol açır. Amma Azərbaycan beynəlxalq aləmin razılığı ilə hərbi əməliyyatlara başlasa bu müharibə qısa müddət ərzində və minimal itki ilə başa çatacaq. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş əraziləri erməni işğalçılarından təmizlənəcək. ATƏT MQ və beynəlxalq aləmin razılığı ilə Azərbaycanınhərbi əməliyyatlarının nəticəsi proqnozlaşdırılandır:Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birlikdə təhlükəsiz, inkişafa imkan yaradan şəraitdə yaşayacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti