...

Cənab prezidentlər, buyurun cavab verin!

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2015 10:26 (UTC +04:00)
1988-ci ildə Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsində iki azərbaycanlı gənc ermənilər tərəfindən öldürüldüyündə bəlkə də çoxları çağdaş Azərbaycan tarixinin ən böyük faciəsinin astanasında olduğumuzu təxmin belə edə bilməzdi. Bu fakt sonralar başıbəlalı xalqımın yaşayacağı müharibəni közərdən ocaq, ağıllara belə gəlməyən faciələrin, soyqırımların, qanlı qırğınların bünövrəsi oldu.
Cənab prezidentlər, buyurun cavab verin!

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

1988-ci ildə Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsində iki azərbaycanlı gənc ermənilər tərəfindən öldürüldüyündə bəlkə də çoxları çağdaş Azərbaycan tarixinin ən böyük faciəsinin astanasında olduğumuzu təxmin belə edə bilməzdi. Bu fakt sonralar başıbəlalı xalqımın yaşayacağı müharibəni közərdən ocaq, ağıllara belə gəlməyən faciələrin, soyqırımların, qanlı qırğınların bünövrəsi oldu. Gözəl yurdum Azərbaycanın dilbər guşəsi Qarabağ torpaqlarında qısa zaman kəsiyində ermənilər tərəfindən bir-birinin ardınca ağır faciələrin törədilməsi regionda böyük müharibə ocağını reallaşdırdı.
Bəli. Azərbaycan bu gün bir dövlət kimi 27 ildir müharibə şəraitində yaşayır. Təəssüf. Həm də millətimin adına acı təəssüflə deyirəm bunu. Bu kəlimələr siyasi, diplomatik dillə, terminlərlə deyil, böyük qan-qadalar yaşamış bir xalqın övladı olaraq üzümü tutduğum diplomatlara söylədiyim ürək sözlərimdir. Çünki harada çalışmasından asılı olmayaraq, onlar da bir insandırlar.

ATƏT-in Minsk Qrupu həmsədrləri mayın 3-də Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "parlament seçkiləri" ilə bağlı verdikləri bəyanatlarında "Dağlıq Qarabağ xalqı" ifadəsi işlətdilər. Söylənmiş bu ifadədən yola çıxaraq mənsub olduğum millətimin vətəndaşı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təyin olunan Minsk Qrupunun 3 həmsədr ölkəsinin rəhbərlərinə suallarım var. 20 ildən artıqdır ki, ABŞ, Rusiya, Fransa bu münaqişəni həll etməyə çalışdıqlarını deyirlər. Onlar daima mövqelərində regionda sülhü bərqərar etmək istədiklərini bəyan edirlər. Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin elan olunduğu vaxtdan artıq çox zaman keçib. Həm də lap çox. Mənim ölkəmdə artıq hər kəs ATƏT-in Minsk Qrupunun, onları təmsil edən ölkələrin Azərbaycana qarşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili, ədalətsiz münasibətlərindən çoxdan bezib, yorulub. Nəticəsiz görüşlərin, səfərlərin, müzakirələrin, aparılan danışıqların münaqişənin həll olunması üçün edildiyi deyilsə də, amma reallıq ortada. Həll istiqamətində bir addım boyu yol gedilməyib. Görünən dağa bələdçi lazım deyil.

İndi məni düşündürən məqamları müharibənin dəhşətlərini yaşamağa məcbur edilmiş millətin nümayəndəsi olaraq cənab Prezidentlərə üz tutub demək istəyirəm. Çox hörmətli siyasətçilər, diplomatlar, Sizlər nə qədər qəbul etmək istəməsəniz də, unutmayın ki, Azərbaycan dövləti, bu xalq zaman-zaman, tarix boyu müharibələr, təzyiqlər, basqılar, ədalətsizliklər yaşasa da, ayaqdadır, vardır. Və var olacaq da hər zaman. Müstəqil Azərbaycan dövləti üçrəngli müqəddəs bayrağımızın dalğalanması üçün canını verən igid oğullarımzın mübarizliyi ilə, bu dövləti, bu torpağı, yurdumu sevənlərin sevgisi, bu torpağa olan sədaqəti ilə yaşayır və yaşayacaq da.

Dünya qurulandan, insanlıq var olandan bir mizan tərəsi deyilən şey var. İki gözü olan mizan tərəzisi. İstənilən yanaşmada hər kəs ədalət istəyir, axtarır. Normal olaraq, həm də haqlı olaraq millətim də haqqını istəyir bu savaşda. Dünyanı idarə etməyə iddialı ABŞ, Rusiya, Fransa rəhbərləri də bütün dünyaya hər zaman yer üzündə ədalət qurmağa, bərpa etməyə çalışdıqlarını deyirlər. Amma təəssüflər olsun ki, ədalət prinsipi diplomatların sadəcə sözlərində mövcuddur, əməllərində deyil. Bu 3 ölkə prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə münasibətlərində ədalətin olmadığını, problemə öz maraqları çərçivəsində ikili standartlarla yanaşdıqlarını millətim illərdir yaşayır. Hələ nə qədər yaşayacağı da bəlli deyil...

Cənab diplomatlar, yetmədimi Sizlərin bu xalqa yaşadılanlara göz yumduğunuz?
Məmləkətimdə ermənilərin törətdiyi soyqırımları, axıdılan qanları görməzlikdən gəldiyiniz?
Nə qədər Azərbaycan vətəndaşının hələ də erməni əsirliyində olduğundan Sizlər xəbərdarsınızmı?

İllərdir ermənilərə havadarlıq edərək mənim millətimə qarşı etdiyiniz haqsızlıqlar yetmədimi?

Sizlərə bu sualları yüzlərlə yaza bilərəm. Amma bunun əvəzində Sizə edəcəyim təklif daha məntiqli yanaşmadır məncə. Bu günə qədər Ermənistanı işğalçı dövlət kimi tanımayan Sizləri məmləkətimə, Vətənimə dəvət edirəm. Buyurun gəlin Azərbaycana. Gəlin və ermənilərdən başı min müsibətlər çəkmiş soydaşlarımızı gözlərinizlə görün, onların yaşadıqları faciələri qulaqlarınızla eşidin. Bəlkə o zaman mizan tərəzisinin digər gözünün də olduğu yadınıza düşər. Bu xalq Sizlərin Dağlıq Qarabağ münaqişəsinin həllində sərgilədiyiniz mövqedən yorulub. Bu isə o deməkdir ki, xalqda Sizlərin Azərbaycanın yaşadığı münaqişəni həll etmək istəyində olduğunuza inam qalmayıb.

Azərbaycan öz problemini həll edə biləcək gücdə müstəqil bir dövlətdir. İndi susursunuz. Amma sabah işğal altında olan torpaqlarını azad etmək üçün Azərbaycan ayağa qalxdığında vasitəçi əbanızı geyinmək, regionda sülhü bərqərar etmək missiyanızın olduğu yadınıza düşəcək. Diplomatların "Dağlıq Qarabağ xalqı" ifadəsini söylədiklərindən mütləq xəbəriniz var. Azərbaycanın haqq səsini müdafiə edəcək bir mövqe də nümayiş etdirin mümkünsə. Bizim Sizlərdən istədiyimiz tək şeydir - həqiqəti yalana dəyişməmək, gerçəkləri söyləmək, yalanları deyil.

Sizlər Azərbaycan və Ermənistanla eyni mövqedən çıxış edərək danışırsınız. Problemi həll etməyə yönəlik bu yanaşmanız isə göründüyü kimi nəticəsizdir. Bunu arxada qalan illərin acı təcrübəsi deyir. İşğal edənlə və işğala məruz qalanla eyni dildə danışılmaz. Bunları təbii ki, Sizlər də bilirsiniz. Amma bilə-bilə də cənab diplomatlar, yenə də işğalçıya əl uzatmağımızı bizlərdən istəyirsiniz. Olar, əl uzadaq. Amma nəyin naminə? Bu millət haqqı olanı - elini, obasını, yurdunu, yuvasını, ocağını, torpağını - haqqı olmayanlara bəxş etsin deyəmi??

Məncə artıq yetər. Dövlətimizə, millətimizə qarşı haqsızlığınız yetər. Biz Sizlərdən haqqımız olmayanı deyil, haqqımız olanı istəyirik, çox hörmətli siyasətçilər! Buyurun, cavab verin, cənab prezidentlər! Sözüm Sizlərədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti