...

Cığırlar Şuşayadır...

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2015 16:17 (UTC +04:00)
1992-ci il 8 may. Azərbaycanın cənnət məkanı Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edildiyi gün. Mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdi. Şuşa üzərinə hücum əməliyyatının məxfi adı “dağlarda toy” idi.
Cığırlar Şuşayadır...

Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva - Trend:


1992-ci il 8 may. Azərbaycanın cənnət məkanı Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edildiyi gün. Mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdi. Şuşa üzərinə hücum əməliyyatının məxfi adı "dağlarda toy" idi.

1992-ci il mayın 8-də Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edən Arkadi Ter-Tadevosyan Şuşaya hücum əmri imzaladı. Əslində, ermənilərin Şuşaya hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirildi.

Şuşanın işğalını müşahidə etmək üçün mayın 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdı. Onların sırasında erməni birləşmələrinin komandanı Arkadi Ter-Tadevosyan, Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun oğlu Aleksey Semyonov, Yelena Bonner, Baronessa Koks, "Ümumdünya xristian həmrəyliyi" və "Daşnaksütun" terror təşkilatının rəhbərləri vardı. Çağrılmamış qonaqlar buradan hücumu izləyirdilər.

Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşaya fasiləsiz raket zərbələri endirilirdi. Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdı. Hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz müdafiə mövqeyində dayanmışdı. Şəhərdə azərbaycancanlıların qüvvə və texnikası çatışmırdı. Bu qeyri-bərabər ölüm-dirim savaşında mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq" göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar "qəhrəman" kimi Ermənistanın bayrağını Şuşa qalasına taxsın. Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Zərbələr Qala divarları üzərindəki müşahidə qüllələrini dağıtdı, şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu, ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Erməni qoşun bölmələri Laçın-Şuşa yoluna çıxdı və Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da, Şuşa, Canhəsən, Kosalar, Qaraqaya ermənilər tərəfindən işğal olundu. Mayın 7-dən Şuşaya daxil olan ermənilər küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə hərəkət etməyə cürət etmirdilər. Mayın 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar.

Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə qarşı cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal nəticəsində Şuşadakı tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi talan olunub, məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq 23 ildir təcavüzkar Ermənistanın işğalı altındadır. Ermənilər şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələri dağıdılıb, milli arxitekturası silinib. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılıb. Bir vaxtlar təkrarolunmaz təbiətinə görə "Qafqazın cənnəti" adlandırılan yerlər xarabazara çevrilib.

Bəli, açıq demək gərəkirsə, mən bu gün məğlub millətin nümayəndəsiyəm. Amma ölmüş, bitmiş millətin deyil. Bu torpaq bizim və o yurdlar geri alınacaq. Bu gün əsgərimin silahı ermənilərə tuşlanmırsa, bu o demək deyil ki, Şuşaya, işğal olunan torpaqlarımıza geri dönməyəcəyik və ya dönmək niyyətində deyilik. Özlərini müvəqqəti "qəhrəman" sayanlar unutmasınlar ki, bu günki atəşkəs rejimi altında aparılan danışıqlarda Azərbaycanın nümayiş etdirdiyi səbr, təmkin, dözüm o demək deyil ki, reallığı qəbul edirik, reallıqla barışırıq. Xeyr cənablar, səbəb o ki, mənim millətim torpaqlarında təkrar müharibənin, qan-qadanın yaşanmasını istəmir. Əksinə, yurdunda sülh, barış, əmin-amanlıq istəyir. Qarşı tərəf və onların havadarları kimi yalansız, dolansız həm də... Günahsız körpələrin, qocaların, ağbirçəklərin yenidən od-alov altında qalaraq ölməsini, məhv olmasını, işgəncələrə, soyqırımlara məruz qalmasını, əsir düşməsini istəmir.

Bu gün ermənilərin qarşısında güclü Azərbaycan Ordusu dayanır. İqtisadi, hərbi gücü Azərbaycandan qat-qat aşağı olan Ermənistan bu savaşda uduzacağını yaxşı bilir. Dediklərimizə onu da əlavə edək ki, bu gün Ermənistanın yerli əhalisinin ölkəni tərk etmə statistikası günbəgün artan xətt üzrə inkişaf edir. Məncə əlavə şərhə ehtiyac qalmır. Ermənilərin bu savaşda güvəndikləri sadəcə havadarlarıdır. Amma dövr, zaman dəyişib. Həll olunacaq həyati vacib məsələlər masa üzərinə gəldiyində hər kəs öz maraqlarına oynayır. Təbii ki, bu sırada ermənilərin havadarları da istisna deyil. Bu məntiqi olaraq nə deməkdir? Meymun suda boğulanda balasını ayağının altına qoyur...

Azərbaycan Ordusu indi Vətənini qoruyacaq gücdə və qüdrətdədir. Artıq 90-cı illər deyil. Biz indi səbr edə bilərik. Amma bu səbrin də bir yerə qədər olduğu aşikardır. Çox şeydən pay olar qonum-qonşuya, amma Vətəndən, torpaqdan, yurddan, el-obadan yox.

Cığırlar Şuşayadır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti