...

Xələf Xələfov: Ermənistan danışıqlarda dağıdıcı mövqe tutur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2015 17:58 (UTC +04:00)
Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri (XİN) arasında keçirilən növbəti siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Çexiya xarici işlər nazirinin birinci müavini Petr Drulak ilə görüşüb.
Xələf Xələfov: Ermənistan danışıqlarda dağıdıcı mövqe tutur

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri (XİN) arasında keçirilən növbəti siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Çexiya xarici işlər nazirinin birinci müavini Petr Drulak ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi haqqında danışan X.Xələfov Azərbaycan ilə Çexiya arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Azərbaycanın xarici siyasətinin qarşısında duran ən vacib məsələnin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası olduğunu bildirən nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin bu vaxta kimi həll edilməməsinin və Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinin nəticəsiz qalmasının səbəbinin Ermənistanın danışıqlarda dağıdıcı mövqe tutması olduğunu vurğulayıb. Beynəlxalq birliyin ikili standartlara əsaslanan yanaşmanı kənara qoyaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün Ermənistana qarşı konkret təzyiq göstərməsinin münaqişənin həllinin tezləşdirilməsinə yardımçı olacağını bildirib.

X.Xələfov, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinə toxunaraq, "Şərq tərəfdaşlığı"na üzv dövlətlərin fərqli inkişaf səviyyəsinin nəzərə alınaraq, üzv dövlətlərə münasibətdə fərdi yanaşmanın göstərilməsinin daha uğurlu olacağını vurğulayıb.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən P.Drulak Bakıda qədim ənənələrin müasirliklə ahənginin xoş təəssüratlar oyatdığını bildirib. Çexiyanın regionda ən vacib strateji tərəfdaşının Azərbaycan olduğunu, bu səbəbdən Azərbaycanla münasibətlərin inkişafına və dərinləşdirilməsinə hökuməti tərəfindən xüsusi önəm verildiyini vurğulayıb. Bu baxımdan Çexiyanın ənənəvi və alternativ enerji sahələrinin modernləşdirilməsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Şəhər nəqliyyatı şəbəkəsi, səhiyyə sahəsində ölkəsinin nümunəvi təcrübəyə malik olduğunu bildirən P.Drulak bu sahələrdə də əməkdaşlığın faydalı olacağını qeyd edib.

Ölkəsində Azərbaycanın geosiyasi mövqeyinin ona qarşı daxili və xarici təhdidlərə yol açması barəsində xəbərdar olduğunu qeyd edən nazir müavini Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti