...

Rafael Hüseynov: AŞ PA Bürosu Ermənistana münasibətdə öz qayda və prinsiplərinə xəyanət edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2015 19:58 (UTC +04:00)
"Avropa Şurasının fəaliyyətində ikili standartlar siyasətinin şahidi oluruq".
Rafael Hüseynov: AŞ PA Bürosu Ermənistana münasibətdə öz qayda və prinsiplərinə xəyanət edir

Fransa, Strasburq, 28 sentyabr /Trend, müxbir Anar Məmmədov/

"Avropa Şurasının fəaliyyətində ikili standartlar siyasətinin şahidi oluruq". Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyasında qurumun Bürosunun və Daimi komitəsinin görülən işlər barədə hesabatı ilə bağlı çıxışında Azərbaycanın qurumda nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Büronun və Daimi komitənin hesabatında təkcə görülən işlər deyil, görülməyən işlər də nəzərə alınmalıdır: "Təşkilatımızda belə bir praktika var: əgər bir üzv ölkə AŞ PA Bürosu tərəfindən təyin olunmuş məruzəçini ölkə ərazisinə buraxmırsa, bu ölkəyə qarşı sanksiyalar daxil olmaqla, cəza tədbirləri görülməlidir. Əgər bizim təşkilatın belə bir qaydası varsa, nə üçün bütün ölkələrə bərabər şəkildə tətbiq olunmur? Büronun hesabatında Ermənistanın qeyri-qanuni əməlləri barədə heç bir şey deyilmir. Halbuki bu hesabatın hazırlanması dövründə Ermənistan AŞ PA-nın iki məruzəçisinin - "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanması üzrə məruzəçi Robert Valter və "Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" mövzusunda hesabat üzrə məruzəçi Milis Markoviç - ölkə ərazisinə girişinə mane oldu. Bu, çox ciddi bir presedentdir, digər üzv dövlətlərə də pis örnəkdir.

R.Hüseynov AŞ PA Bürosunun Ermənistana münasibətdə özünün qayda və prinsiplərinə xəyanət etdiyini də diqqətə çatdırıb: "Nəyə görə AŞ PA Bürosu Ermənistana münasibətdə özünün qayda və prinsiplərinə xəyanət edir? Ermənistana bu cür xoş münasibətin göstərilməsinin gizli səbəbləri nədir? Ermənistan ölkə ərazisinə qurum tərəfindən təyin olunan məruzəçiləri buraxmamaqla bütövlükdə təşkilata qarşı təhqiredici mövqedən çıxış edir. Biz istəyirik ki, bu cür narahatedici məqamlar Büronun hesabatında yer alsın. Təəssüf ki, bu dəfə də belə olmadı. Bu, ikili standart siyasətinin nümayişidir. Bu ədalətsizliyin təşkilatımızın iş metodunda daha dərin kök salma riski var. Bu isə gələcəkdə təsirsiz ötüşməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti